Kitabxanalar bütün dövrlərdə cəmiyyətin maariflənməsi, ictimai mütaliənin təşkili və təbliği, tədris, elmi-tədqiqat və digər məqsədlərlə bağlı fəaliyyət göstəriblər. Son illərdə dövrün tələbinə uyğun olaraq, ənənəvi kitabxana proseslərinə yeni texnologiyalar tətbiq edilməsinə, ənənəvi xidmətlərin bir çoxunun onlayn formatda həyata keçirilməsinə başlanılıb.

Bu baxımdan əksər ölkələrin kitabxanaları ənənəvi çap məhsullarına marağın artırılması üçün innovativ vasitələr, oxucunu kitabxanaya cəlb edəcək fəaliyyət yolları tətbiq edirlər.

Ölkəmizdə də oxucuların kitabxanalara cəlb edilməsi istiqamətində kütləvi xarakter almasa da, müəyyən addımlar atılmaqdadır.

Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) paytaxtın Bakıxanov qəsəbəsində yerləşən, bir əsrdən çox yaşı olan 1 saylı filialı yenilikləri ilə ölkəmizin digər kitabxanalarından fərqlənir.

Kitabxananın fəaliyyəti ilə tanış olmaq üçün bu yaxınlarda yolumuzu bu məkandan saldıq. Kitabxananın müdiri Şəfiqə Həkimova müəssisə haqqında məlumat verdi. Bildirdi ki, əsası 1904-cü ildə maarifçi, tibb işçisi Lidiya Barxatova (1874-1966) tərəfindən qoyulan kitabxana Sabunçu rayonun Ramana qəsəbəsində neftçilər üçün kitabxana-qiraətxana kimi fəaliyyətə başlayıb.

1971-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə kitabxana Bakıxanov qəsəbəsinə (keçmiş Razin qəsəbəsi) köçürülüb. 1975-ci il iyunun 11-də Heydər Əliyev kitabxanada olub, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub. Kitabxana 1992-ci ilə qədər Bakı komissarlarından Yakov Zevinin adını daşıyıb. Həmin il kitabxanaya görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın adı verilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 27 yanvar 2011-ci il tarixli əmrinə əsasən, Sabunçu rayonu üzrə MKS yaradılıb. Həmin ildən Şəhriyar adına uşaq kitabxanası MKS-nin nəzdində 1 saylı filial kimi fəaliyyət göstərir.

2016-cı ildə kitabxana Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə pilot layihə əsasında əsaslı təmir olunub. 2017-ci il mart ayında kitabxananın yenidənqurmadan sonra açılışı keçirilib. “Kitab evi” tərzində yaradılan kitabxananın əsas ideyası yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi, həmçinin əhalinin hər sahədə daha geniş məlumat əldə etməsinə səy göstərilməsidir. Oxucuya sərbəst seçim imkanı verən məkan müasir kompüterlərlə və sürətli internetlə təmin olunub.

Kitabxanada Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xüsusi diqqət yetirilir. Burada dahi şəxsiyyətə həsr olunmuş ayrıca guşə yaradılıb. Guşədə Heydər Əliyevin kitabxanada olarkən çəkilmiş fotoları da yer alıb.

Şəfiqə xanım bildirir ki, oxucular üçün hər cür şərait yaradılan yeni konsepsiyalı kitabxanaya təmirdən sonra 5 min nüsxə kitab fondu əlavə olunub: “Hazırda kitabxananın fondunda ümumilikdə 20 minə yaxın nəşr var. Fond Azərbaycan, rus və ingilis dillərində uşaq ədəbiyyatı, bədii, elmi ədəbiyyatlarla təmin olunub. Oxucular fondumuzdakı kitabları oxu zalında əyləşərək mütaliə edirlər. Həmçinin istədikləri kitabları 10 gün müddətinə evlərinə apara bilərlər”.

Müsahibim qeyd edir ki, yenidənqurmadan sonra kitabxanada “Asudə vaxt mərkəzi” və “Book kafe” yaradılmışdı: “Təəssüflər olsun ki, “Book kafe” hazırda müəyyən səbəblərdən fəaliyyətini dayandırıb. “Asudə vaxt mərkəzi” ilə müxtəlif dərnəklər (fortepiano, kompüter, xarici dil, rəsm və s.) üzrə işini davam etdirir. Bu mərkəz yaradıldığı ilk gündən sərbəst fəaliyyət göstərirdi. Bu ilin əvvəlindən isə Sabunçu rayon MKS-nin tabeliyinə verilib”.

“Asudə vaxt mərkəzi”ndəki dərnəklərdə iştirak üçün münasib qiymətlər təklif olunur: “Uşaqlar qrup şəklində dərnəkdə iştirak etmək istəyirsə, hər ay 25-30 manat, fərdi şəkildə isə 40-50 manat ödəniş etməlidirlər. Uşaqlar istədikləri vaxt dərnəklərdə iştirakını dayandıra bilər. Hazırda yay tətili ilə əlaqədar dərnəklər müvəqqəti bağlıdır. Dərnəklərimiz sentyabr ayından yenidən fəaliyyətini davam etdirəcək”.

Kitabxanada müxtəlif tədbirlər, sərgilər, yazıçı və şairlərlə görüşlər keçirilir. Uşaqların kitabxanaya marağını cəlb etmək məqsədilə məktəblərdə uşaqlarla görüşlər təşkil olunur. Kitabxananın fəaliyyəti barədə sosial şəbəkə hesablarında oxuculara mütəmadi məlumat verilir. Şəfiqə Həkimova fürsətdən istifadə edərək qəzetimiz vasitəsilə də oxucuları kitabxananın xidmətlərindən daha çox istifadə etməyə, keçirilən tədbirlərə qatılmağa çağırdı.

***

Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2 ünvanında yerləşən kitabxananı xoş əhval-ruhiyyə ilə tərk edirik. Çünki hər bir mütərəqqi yenilik könül açır, maraq doğurur. Qonağı olduğum bu kitabxana xüsusilə uşaq və gənclər üçün bilik məkanı olmaqla yanaşı, həm də əyləncəli vaxt keçirmək üçün münasib ünvandır.

Nurəddin Məmmədli