Tanınmış musiqiçilərin əşyaları hərraca çıxarılıb

 

Məşhur amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord məbləğə satılıb. 1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük yeni sahibinə 1 milyon dollara başa gəlib.

Üzüklə bərabər, T.Şakurun imzası olan altı məktub və “Trapped” sinqlının orijinal demo lenti daxil olmaqla, reperə məxsus digər şəxsi əşyalar da hərraca çıxarılıb.

Xatırladaq ki, T.Şakur 1996-cı ildə ABŞ-nin Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib. O, qısamüddətli karyerasına baxmayaraq, 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib.

***

Məşhur “Beatles” qrupunun solisti Con Lennona və Endi Uorhola məxsus olmuş “Baldwin” firmasının royalı isə ABŞ-nin Merilend ştatındakı Tauson şəhərində “Alex Cooper Auctioneers” hərracına çıxarılacaq.

Con Lennon “Concert Grand Model D” markalı royalı 1978-ci ildə Nyu-Yorkdakı “Baldwin Factory Store” mağazasından alıb. O, bir ildən sonra musiqi alətini dostu, incəsənət meneceri və öz kuratoru Sem Qrinə hədiyyə edib. 1983-cü ildə isə Sem Qrin royalı müvəqqəti istifadə etmək üçün Endi Uorhola verib.

Royalın üzərində “Con və Yokodan Semə hədiyyə” qravürası olan lövhəcik var. Hərrac sentyabrın 30-da keçiriləcək. Lotun ilkin qiyməti 2 milyon dollardır.