Məşhur tablonun bənzərini süni intellekt yoxlayıb

 

Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən birinin – məşhur italyan rəssamı Rafael Santinin (1483-1520) “Sikstin Madonnası” tablosu ətrafında sənət mübahisələri illərdir davam edir.

Bu günlərdə rəssamın Drezden Qalereyasında saxlanılan məşhur əsərinə çox bənzəyən tablonun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib.

Ekspertlərin bir çoxu iddia edirlər ki, həmin tablo da dahi rəssamın orijinal əsəri ola bilər.

Bu tablo onun sahibi olan fondun adı ilə “Tondi de Bresi” adlandırılıb. Müəllifi hələlik dəqiqləşməyən bu tablonu Antoni Ayers adlı kolleksiyaçı 1995-ci ildə Çikaqoda əntiq əşyalar mağazasından 30 min dollara alıb. Kolleksiyaçı bu əsərin məşhur italyan rəssamına aid olduğunu iddia etsə də, bunu hələlik sübuta yetirə bilməyib.

Süni intellekt bu iki əsəri müqayisə edib və onların arasında uyğunluq səviyyəsi 97 faiz olub. Süni intellektin qənaətinə görə, bu əsər Rafael Santinin fırçasından çıxıb.

Süni intellekt insanın gözü ilə görə bilmədiyi nüansları da aşkara çıxarır. Bununla belə, sənətşünaslar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bredford Universitetinin tədqiqatçıları israr edirlər ki, süni intellektin nəticələri ekspertlərin rəyindən daha obyektivdir.