Milli Xalça Muzeyinin kolleksiyasından nümunələr Latviyada sərgilənir

 

Latviyanın Gülbene şəhərində Tarix və İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Divi Juliji” VI Beynəlxalq İncəsənət Festivalı keçirilib.

Ənənəvi festival bu şəhərdə anadan olan tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə həsr edilib.

Tədbir çərçivəsində Yulius Straumenin Qafqazda, o cümlədən Azərbaycanda apardığı etnoqrafik tədqiqatlara həsr olunan “Zirvəyə gedən yolda” adlı sərgi açılıb. Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid 16 ənənəvi xalça məmulatı yer alıb. Sərgidə yüksək bədii keyfiyyəti, özünəməxsus kompozisiyası və rəng çalarları ilə seçilən Qarabağ, Bakı və Şirvana aid çul, ləməqabağı, məfrəş, dəvəbəzəyi, cecim, duz torbası, qaşıqdan, xurcun, heybə, dəstərxan, corab, çanta və s. nümayiş olunur. Sərgidə həmçinin Şuşanın tarixi memarlıq abidələrindən ibarət foto-slayd təqdim olunur.

Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə təşkil edilən sərgi avqustun 25-dək davam edəcək.

Festivalın ilk günü “Divi Juliji. Virsotnes”/ “İki Yulius. Zirvələr” adlı beynəlxalq konfrans da keçirilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyi Elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Azərbaycan xalqının adət-ənənələrində və məişətində xalça məmulatları” mövzusunda çıxış edib. O, xalça məmulatlarının xalqımızın gündəlik həyatının ayrılmaz hissəsi olduğunu bildirib. Onların təkcə utilitar əşya deyil, gözəl bədii həllə, naxış sisteminə malik yüksək estetik zövq göstəricisi hesab olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi şurasının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Straumenin Azərbaycan yaradıcılığının beşiyi Şuşada fəaliyyəti” mövzusunda çıxış edib.

Müxtəlif ölkələrdən olan mütəxəssislərin “Yulius Straumenin eskizlərində Qarabağ xalçaları”, “XX əsrin I yarısında toxuculuq məktəbləri”, “Yulius Madernieksin pedaqoji baxışları və prinsipləri” və s. mövzularda məruzələri dinlənilib.