Xəbər verdiyimiz kimi, ötən il dekabrın 10-dan Azərbaycanda mehmanxanaların təsnifatı yeni qaydalarla həyata keçirilir.
   
   Bu qaydalar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartında əksini tapıb. Standart «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə «Turizm və yerdəyişmə vasitələrinin xidmətləri» üzrə Texniki Komitə tərəfindən hazırlanıb.
   Sənəddə mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiqi, xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasından istifadə, təsnifat üzrə xidmətlərin monitorinqi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya kömək və s. məsələlər yer alıb. Standartda mehmanxanaların tipləri, mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə sisteminin təşkili və təsnifatın keçirilmə qaydaları geniş əks olunub.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu yeni standartlarda mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyası alması proseduru ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. Onun sözlərinə görə, əvvəl mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının qiymətləndirilməsi üçün 150-yə yaxın meyar nəzərə alınırdı. Yeni standarta görə onların sayı 300-dək artırılıb: «Məsələn, əvvəlki standartlarda hoteldə ehtiyat su çəninin mövcud olması şərt kimi qoyulurdusa, indi su çəninin tutumu əsas rol oynayır. Onun tutumu otaqların, orada qalacaq müştərilərin sayına görə olmalıdır. Bununla yanaşı, yeni standartlarda hoteldəki otaqların neçə faizinin neçə kvadratmetr olması və s. detallar da əks olunub».
   Nazirlik rəsmisi qeyd edir ki, əvvəlki standartlarda müvafiq ulduz kateqoriyasına uyğun minimal tələblər müəyyənləşdirilməmişdi. Ancaq yeni standartlarda hotellər üçün müvafiq ulduz kateqoriyasına uyğun minimal tələblər öz əksini tapıb. Hotel üçün qoyulan bu tələblər yoxlanıldıqdan sonra onun müvafiq ulduz kateqoriyasına uyğun gəlib-gəlməməsi ilə bağlı digər meyarlar yoxlanılacaq. Yeni standartlarda keyfiyyətin idarəolunması beynəlxalq standartının bəzi müddəaları da əksini tapıb. Standartlarda hotel daxilində müəyyən xidmətin, avadanlıqların keyfiyyəti şərt kimi irəli sürülür.
   Sənədin hazırlanmasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, hotel üzrə mütəxəssis Müzəffər Ağakərimov da yaxından iştirak edib. Onun sözlərinə görə, standartlar əsasən xidmətin keyfiyyətinin yüksəldilməsi üzərində qurulub: «Standartlar hazırlanarkən mənim də mütəxəssis kimi fikirlərimi öyrəndilər. Əsas təklifim mehmanxanalarda və mehmanxana tipli obyektlərdə turizm təhsilli peşəkar kadrların olması ilə bağlı idi. Çünki insan amili standartların həyata keçirilməsində çox mühümdür».
   Mütəxəssisin fikrincə, hotellərin yaxşı fəaliyyət göstərə bilməsi üçün əsas üç şərtə əməl olunmalıdır: «Bu şərtlərdən biri qiymət siyasətinin düzgün qurulmasıdır. Azərbaycanda bu sahədə özünü tam doğrultmayan amillər var. Dünya təcrübəsində belədir ki, əvvəl keyfiyyətli xidmət olmalıdır, sonra buna uyğun qiymət müəyyənləşdirilməlidir. Bizdə bəzi hotellərdə bu standarta əməl edilmir. Onlar göstərdikləri xidmətin səviyyəsindən asılı olmayaraq, öz qiymətlərini tətbiq edirlər. Bu da turistlərdə narazılıq doğurur. Bundan əlavə, turistlərə hotel tərəfindən əlavə xidmətlər təklif olunmalıdır. Hotellər konsert salonları, teatrlar, muzeylərlə daima əməkdaşlıq etməli, qonaqları bu mədəniyyət müəssisələrinə aparmalıdırlar».
   Hazırda Bakıda fəaliyyət göstərən bir sıra hotellərdə yerli turistlərin qarşılaşdığı problemlərdən biri də qeyd-qəbul şöbəsində çalışan əməkdaşların müştərilərin suallarını Azərbaycan dilində cavablandıra bilməməsidir. Həmsöhbətimiz bu məsələnin də yeni standartlar baxımdan vacibliyini qeyd etdi. Onun sözlərinə görə, müştərinin müraciəti zamanı telefonun dəstəyini qaldıran hotel əməkdaşı birinci Azərbaycan dilində cavab verməlidir: “Bizim dövlət dilimiz Azərbaycan dilidir. Amma əksər hallarda hotellərə zəng edəndə birinci ingiliscə cavab verirlər. Bu, qətiyyən düzgün deyil”.
   M.Ağakərimov hotellərdə tətbiq olunmasını vacib hesab etdiyi bir sıra detallara da toxundu. Onun sözlərinə görə, hotellərin, xüsusilə brend mehmanxanaların mətbəxlərində milli yeməklərimizə üstünlük verilməlidir. Çünki mətbəx mədəniyyətin bir qoludur: «Qonağın ölkəmiz haqqında yüksək təəssüratla ayrılmasının mühüm şərtlərindən biri də ona milli mətbəximizi layiqincə təqdim edə bilməyimizdən asılıdır. Digər bir şərt isə hoteldə fon musiqisi kimi yerli bəstəkarlarımızın əsərlərinin səsləndirilməsidir. Bizim dünyaca məşhur bəstəkarlarımız var. Hotellərimizdə daha çox onların musiqilərindən istifadə olunmalıdır. Biz turizm sektorunun təmsilçiləri olaraq daima bu məqamlara üstünlük verməliyik. Çünki Azərbaycanı təbliğ etmək bizim ən birinci vəzifəmizdir».

   Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar