Abbas Məmmədovun yaradıcılığı haqqında

 

İncəsənət sivilizasiyanı zirvəyə daşıyan nərdivandır. Kətan üzərində usta fırçası ilə  həkk olunan rənglər həyatımızın ən dərin məqamlarına nüfuz edən, həyati funksiyamızı vizual sənət ilə birləşdirən fenomendir. Rəssam Abbas Məmmədov da bunu əsərlərində məharətlə ifadə edir.

Realist və modern baxış tərzinə sahib rəssam bu gün milli rəngkarlığımızı bacarıqla təmsil edən istedadlar sırasındadır. Deyirlər ki, rəsm instinktiv emosional vəziyyətin ən dolğun ifadəsidir. Öz bədii zövqünə, perspektivinə, mövzunu idarə etmə tərzinə, lirik münasibətlərinə inanan Abbas Məmmədovun kompozisiyalarında cizgilər harmonik aura ilə kombinə olunur. Orijinal, yaradıcı, dinamik, zəruri və sərbəst ifadənin izində irəliləyən peşəkar rəssamın rəng-forma ilə işıq-kölgə balansı kətan üzərində əksini tapır.

Abbas Məmmədov 1986-cı ildə Bakıda anadan olub. O, 2001-2005-ci illərdə Əzim Əzimzadə adına Rəssamlq məktəbində (indiki İncəsənət Kolleci), 2005-2009-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İnsan asanlıqla öz peşəsinin ustası olmur. Oxumaq, araşdırmaq, öyrənmək həvəsini itirməmək püxtələşmək üçün zəruri şərtlərdir. Bundan başqa, rəssam Abbas Məmmədovun istedadının irsi-mənəvi kökləri də mövcuddur. O, dəyərli rəssam Şahpələng Məmmədovun davamçısıdır.

Realist rəssamlar təbii işıqlandırma, dəqiq proporsiyalar və real həyat obyektlərinin ətraflı təsviri kimi üsullardan istifadə edərək dünyanı mümkün qədər dəqiq əks etdirməyə çalışırlar. Abbas Məmmədovun da üslubunun özəyində təntənəli bir “sadəlik” dayanır. Həddindən artıq bəzək, pafos və yaxud sünilikdən qaçan rəssamın kətan üzərində əks etdirmək istədiyi əsas nüans təbii gözəlliyin tərənnümü və gerçəkçiliyə xas xüsusiyyətlərdir.

Bilirik ki, realist rəssamlar adətən dünyəvi mövzular ilə maraqlanırlar. Bu da həmin üslubu təkcə bədii yox, həm də ictimai xarakterə bürüyür. Abbas Məmmədovun da mövzulara yanaşma tərzi dünyəvi və obyektiv səciyyə daşıyır. O, təfərrüata böyük diqqət yetirir, dəqiq rənglərdən, işıqlandırmadan və perspektivdən istifadə edir. Qədimi ab-havanı hər bir xırdalığında hiss etdiyimiz kompozisiyaların müəllifi olan rəssam soyuq və isti rənglərin ahəngini kətanda məharətlə təqdim edir. Fərdi və orijinal dizayn anlayışını özü ilə tamaşaçı arasında körpüyə çevirən müəllif canlı və enerji dolu kompozisiyalar yaradır.

Rəssamın əsərlərində həm ənənələrə, həm Şərq sənətinə, həm də Qərb təsviri sənətinə marağı özünü büruzə verir. Onun maraqlı kompozisiyaları arasında “Payız nemətləri”, “Yazın nəfəsi”, “Liliyaların simfoniyası”, “Üzüm və narlar”, “Avqust”, “Sehrli musiqi”, “Mis qablarla natürmort”, “Üzüm və xrizantemalarla natürmort”, “Keçmişdən gələcəyə”, “Muğam”, “Naxışlar”, “Abşeron yayı”, “Əcdadlarımızın mirası”, “Muğam”, “Tariximizin sədası”, “Yasəmənlər və poeziya”, “Musiqi”, “Sehrli çıraq”, “Güllərin alleqoriyası” və s. əsərləri qeyd edə bilərik.

Rəssamın realizm cərəyanında icra etdiyi kompozisiyalarda holland rəssamlığının “qızıl çağı” və barokko dövrünə xas xüsusi xarakteristika vardır. Bu tərz kompozisiyalara adətən qara və yaxud da qəhvəyi arxa fonlar xas olsa da, Abbas Məmmədovun əsərlərində arxa fonda müxtəlif çeşnilərlə bəzənmiş xalça nümunələri və yaxud yurdun və tarixin əzəmətini özündə əks etdirən memarlıq tikililərini görmək mümkündür.

Memarlıq tikililəri, şəhər mənzərəsi, marina janrında mövzulara da müraciət edən rəssamın “Bakı panoramı”, “Şirvanşahlar sarayı”, “Bulvar”, “Bakının işıqları” və s. əsərləri təqdirəlayiqdir.

Abbas Məmmədovun yaradıcılığında bir başqa aspekt isə abstrakt üsluba müraciət etməsidir. Rəssamın realizmdən abstrakta keçid etməsi olduqca diqqətəlayiqdir. Modern kompozisiya düzümünü rəssam xüsusi kolorit həlli və həndəsi düzüm ilə icra edir. Kətan üzərində yağlı boya ilk baxışda sanki pastel boyanı və yaxud flamasteri xatırladır. Lakin harmonik rəng keçidləri və əsəri ritmik edən cizgilər müəllifin məharətini göz önünə gətirir. Peşəkar fırça ustasının palitrası sanki günəşdən güc alır, al-əlvan çalarlarla çulğalanır. İncə və şux çalarlar rəssamın aspektindən gördüyümüz qədim dünyanı işıqlandırır. Bununla belə, rəssamın düşüncələrinin lövhəsində cızılan hər bir mənzərə kətan üzərində müasir kontekstdə həll olunur. “Şirvanşahlar ansamblı”, “Aşağı Gövhər ağa məscidi. Şuşa”, “Rənglər şəhəri”, “Abşeron motivi”, “İpək Yolu” kimi tablolar bu qəbildəndir.

İncəsənətin formalaşmasında müəllimlərin rolu danılmazdır. İncəsənətin gələcəyi üçün gənc sənətkarların yetişməsinə töhfələr verən Abbas Məmmədova bədii yaradıcılığı ilə bərabər, bu fəaliyyətində də uğurlar diləyirik.

Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi