Avstriyanın “Gedichtesammlung.net” (“Şeirlər toplusu”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Vaqif Aslanın “Kimiyəm...” və “Adam” şeirlərini alman dilində yayımlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirləri alman dilinə Avstriya filoloqu Andreas Kriber və mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova tərcümə ediblər.
Şair və tərcüməçi Vaqif Aslan 1950-ci ildə Şəkinin Kiş kəndində anadan olub. İndiki Azərbaycan Dillər Universitetində təhsil alıb. “Ruhlarla söhbət”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir. Fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şarden və Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə edib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” portalında dünya ədəbiyyatının müasir ədəbi nümunələri dərc olunur.