Müxtəlif səbəblərdən valideynlərini itirmiş uşaqlara diqqət və qayğı hər zaman savab iş olub, bu məqsədə xidmət edən cəmiyyətlər, qurumlar fəaliyyət göstərib. Ölkəmizdə bu sahədə dövlət siyasətini həyata keçirən ayrıca qurum olsa da, müxtəlif ictimai birliklər də belə uşaqlara dəstək verməyə çalışırlar.
“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi də valideynlərini itirmiş uşaqlara yardım əlini uzadan qurumlardan biridir. Birliyin “20 Yanvar” metro stansiyası yaxınlığındakı binasının yanından keçəndə bir neçə dəfə müxtəlif aksiyalar təşkil etdiklərini görmüşdük. Bu günlərdə oraya baş çəkdik.
Birliyin həmtəsisçisi Gülnar Rüstəmova fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, “Cığır” İB 2015-ci ildə bir qrup yardımsevər qadın tərəfindən ata qayğısından məhrum uşaqlara yardım etmək məqsədilə yaradılıb: “Birinci il himayəmizə 50 uşaq götürdük, sonralar bu rəqəm artmağa başladı. Uşaqların sayı çoxaldığından düşündük ki, bu layihəni qeyri-rəsmi davam etdirmək çətindir. 2018-ci ildə ictimai birlik kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik”.
Müsahibim deyir ki, birlik dövlətin təqdim etdiyi qrant layihələrində iştirak edir, xeyriyyə tədbirləri keçirir, ianələr toplayır: “Bu günə qədər insanlardan toplanan vəsaitlə onlarla atasını itirmiş uşağa ev tikilib, müəllim və tələbə heyətinin könüllü olaraq dərs keçdiyi təlim-tədris mərkəzi istifadəyə verilib. Onun daxilində tələbələr üçün ‘’Kitab bağı’’ adlı kitab evi də açılıb. Hazırda birliyin himayəsi altında 1500-dən çox uşaq var”.
“Cığır”ın əsas iş prinsiplərindən biri könüllülük fəaliyyətidir. Birliyin hər sahəsində könüllülər işləyir. Müəllim, həkim kimi işləyənlərin, “Kitab bağı” və digər xidmət sahələrində çalışanların hər biri könüllülərdir.
Təlim-tədris mərkəzinin meneceri Xanım Babayeva bildirir ki, mərkəz ata qayğısından məhrum uşaqların inkişafına və cəmiyyətə adaptasiyasına dəstək məqsədilə tamamilə könüllülük prinsipi əsasında fəaliyyət göstərir: “Mərkəzdə müxtəlif fənlər üzrə tədris aparılır, həmçinin ibtidai sinif və məktəbəqədər hazırlıq, rus dili, ingilis dili, IT dərsləri və s. keçirilir. Mərkəzdə bir sıra dərnəklər də fəaliyyət göstərir. Bunlardan əlavə, rayonlarda yaşayan və çətin şəraitdə olan abituriyent əmanətlərimizə aylıq müəllim ödənişi də göndərilir”.
Birliyin nəzdində fəaliyyət göstərən “Kitab bağı” adlı mütaliə evi maraqlı tərtibatı ilə diqqəti cəlb edir. X.Babayeva deyir ki, klassik və müasir dövr ədəbiyyatla zəngin kitabxanamız, ən əsası, burada sevgi dolu mühitimiz var.
Birlik tərəfindən müxtəlif nəşr layihələri də həyata keçirilir. “Mütaliə terapiyadır”, “Sosial sahibkarlıq mənəvi dəyərdir”, “Təfəkkür cığırı”, “Qiraət”, həmçinin ata himayəsindən məhrum uşaqlara anaları tərəfindən yazılmış arzu və istəkləri əks etdirən “Övladıma məktub” kitabları maraqla qarşılanıb.
“Cığır”ın mütaliə mədəniyyətinin təşviqinə xidmət edən layihələri də var. 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantını qazanan “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində birlik Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, İsmayıllı rayon MKS, Tərtər rayon MKS və bir sıra nəşriyyatlarla əməkdaşlıq edib. Bundan başqa, Suraxanı rayon MKS-nin 1 və 4 saylı filiallarında, Xətai, Sabunçu rayon MKS-lərdə və Nəsimi rayon MKS-nin 3 saylı filialında atasını itirmiş uşaqlar üçün mütaliə saatları təşkil olunub.
Nurəddin Məmmədli