Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 15 mart

 

Prezident Heydər Əliyev respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar televiziya və radio ilə xalqa müraciət edib. 15-17 mart 1995-ci ildə daxili işlər nazirinin müavini Rövşən Cavadovun başçılığı ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin qaldırdığı qiyam Azərbaycan dövlətçiliyinə qarşı böyük təhdid idi. Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

 

1995-ci il 20 mart

 

Heydər Əliyev Bakıda Novruz bayramı münasibətilə tədbirdə çıxış edib, şəhid və qaçqın uşaqları üçün “Gülüstan” Sarayında təşkil olunmuş bayram şənliyinə qatılıb.

 

1995-ci il 27 mart

 

Heydər Əliyev Azərbaycanın görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin 80 illiyi münasibətilə təntənəli yubiley mərasimində iştirak edib.

 

1995-ci il 6 aprel

 

Heydər Əliyev Xalq şairi Məmməd Arazla görüşüb.

 

1995-ci il 8 aprel

 

Prezident Heydər Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında beynəlxalq müsabiqələrin laureatları və diplomantları ilə görüşdə çıxış edib.

“...Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir...

Bilirsiniz, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bir tərəfdən bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. Amma bundan əvvəl, bundan əsas xalqın, millətin içində o fitri istedadların olmasıdır...

Son illər xalqımız, respublikamız ağır şəraitdədir. Yeddi ildir müharibə şəraitində yaşayırıq... Mən vaxtaşırı mədəniyyətimizdə, incəsənətimizdə gənc istedadları görərkən həddindən artıq sevinirəm və bir daha özüm-özümə deyirəm ki, doğrudan da, xalqımız nə qədər ağır vəziyyətdə də olsa mədəniyyəti, incəsənəti unutmayacaq və nə qədər çətin şəraitdə yaşasa da, o istedadlar cücərəcək, meydana çıxacaqlar. Necə ki, bəzən qarın altından çiçək çıxır. Yaxud, bir də görürsən ki, asfaltın altından ot cücərib çıxır. Bax, bu istedadlar da bizim indiki çətin dövrdə, şəraitdə meydana çıxırlar.

...Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. Bilin ki, indi həyatımız nə qədər çətin olsa, dövlət işləri başımızı nə qədər çox qarışdırsa da, biz istedadlara daim qayğı göstərəcəyik.

Mən Fərhad Bədəlbəyliyə baxıram. 25 il bundan öncə Fərhad Bədəlbəyli gənc bir pianoçu idi, gəlib konsertlərdə musiqi ifa edirdi. Şübhəsiz ki, fitri istedadı onu gətirib o dərəcəyə çatdırmışdı, ancaq o vaxt o, sizin kimi gənc bir pianoçu idi. Onun yetişməsində rəhmətlik Niyazinin xidmətləri çoxdur. Mənim xatirimdədir, 70-ci ilin əvvəllərində ilk dəfə böyük simfonik konsertlərdə Niyazi Fərhadı təqdim etdi... Fərhad da yəqin unutmayıb ki, onun inkişafı üçün biz nə qədər qayğı göstərdik. Çünki mən görürdüm ki, belə bir istedad meydana çıxıb. Ona qayğı göstərmək lazımdır və onun yolu geniş açılsa, o öz istedadını daha da parlaq göstərə biləcəkdir.

İndi bax, onun həyat yolu göz qabağındadır. Sizin üçün də örnəkdir... Bu gün sizin həyatınızda yeni bir mərhələ başlanır. Qalib gəlmisiniz, məşhurlaşmısınız. İstərdim ki, bununla kifayətlənməyəsiniz. Öz üzərinizdə çox çalışasınız, işləyəsiniz. Mənə belə gəlir ki, sizin hər biriniz böyük yaradıcılıq yolu ilə gedəcəksiniz. Hər birinizin böyük gələcəyiniz var...

...İndi Azərbaycan dövləti çox ağır sınaq dövrü keçirir. Keçdiyimiz yollar sizin bu yaradıcılıq yollarınızdan bilirsiniz, nə qədər ağırdır, nə qədər çətindir... Bu müstəqillik yolu qədər çətin yol yoxdur. Kim  belə hesab edirsə ki, biz müstəqilliyi elan etdik, deməli, hər şey qurtardı, – belə deyil. Bizim müstəqilliyimizi xaricdən də boğmaq istəyənlər var, daxildən də buna qarşı təxribat etmək istəyənlər var.

Son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər bunu sübut edir. Bunlar hamısı göz qabağındadır və heç bir vətəndaş, o cümlədən mədəniyyət işçiləri, mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan vətəndaşlar bu işlərə biganə qala bilməzlər. Necə biganə qala bilərsiniz ki, əgər sabah bu müstəqil dövlət dağılsa siz nə olacaqsınız, başınıza nə iş gələcəkdir?

...İndi tutaq ki, dövləti devirdilər, kimi isə öldürdülər, nəyi isə dağıtdılar. Bu bir tərəfə. Axı bu xalq var, bu cəmiyyət var, yüz illərlə toplanmış mədəniyyət, incəsənət sərvətlərimiz var, yeni-yeni addım atan, parlaq gələcəyi olan bu gənc qız, gənc oğlan var... Ona görə də siz bilməlisiniz, biz bu cür cinayətkarların qarşısını alarkən, dövləti qoruyarkən hər bir vətəndaşı qoruyuruq. Hər birinizi bu bəlalardan qoruyuruq. Ona görə də bu işlərə biganə qalmaq olmaz. İncəsənətlə də məşğul olun, əsərlər də yazın, ifaçılıq işini də inkişaf etdirin. Ancaq həyatda heç nəyə biganə olmayın.

...Bunları sizə, bizim gənc istedadlara deməkdə məqsədim ondan ibarətdir ki, arxayın olun. Hər bir vətəndaşın hüququ, həyatı qorunur və biz çalışacağıq ki, dövlətimizi də, cəmiyyətimizi də, hər bir vətəndaşı da, onun hüququnu da qoruyaq...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)