“Xörəyin görünüşü, dadı-tamı, faydalılığı süfrəyə təqdim olunması ilə vəhdət təşkil etməlidir”
   
   Mətbuatda azərbaycanlı kulinarların, aşpazların beynəlxalq səviyyədə uğurları barədə məlumatlara tez-tez rast gəlirik. Onlardan biri Teymur Şıxəliyevdir. Həmsöhbətimiz Azərbaycanın zəngin mətbəx mədəniyyətini bacarıqla nümayiş etdirən və işinin vurğunu olan gəncdir.
   
   - Necə oldu ki, bu sənətə maraq göstərdin?
   - Uşaq yaşlarımda nənəm düşbərə bişirəndə bu iş mənə maraqlı gəlirdi. Amma nənəm icazə vermirdi, onun kimi düşbərə bükməyə cəhd edəndə tez-tez oxlovla əllərimdən vururdu və deyirdi ki, əlini xəmirdən çək, oğlan yemək bişirməz. Həmin vaxtlar 12-13 yaşım olardı. Amma mən inadımdan əl çəkmirdim.
   Amma evdə anam xəstə olanda yeməkləri əsasən özüm hazırlayırdım. Sonradan bu işə tədricən marağım artdı. Orta məktəbdə oxuyanda fərqli yeməklər bişirirdim və bu işə hobbi kimi baxırdım. Yeməyin dadının, hazırlanmasının ətrafdakılar tərəfindən müsbət qiymətləndirildiyini hiss edirdim və açığı bu mənə xoş gəlirdi. Orta məktəbi bitirib hərbi xidmətə getdim. Qayıtdıqdan sonra 11 saylı Peşə Liseyinə (indiki Bakı Turizm Peşə Məktəbi) daxil oldum. 1 il bu tədris ocağında oxudum, müxtəlif restoranlarda təcrübə keçdik. 2007-ci ildə aşpaz-qənnadıçı-şirniyyatçı ixtisası üzrə diplom aldım.
   - Kənardan xörək hazırlamaq asan görünür. Bu həqiqətən belədir?
   - Mən belə düşünmürəm. Əvvəllər bəlkə də belə fikirləşərdim. İndi Milli Kulinariya Assosiasiyasının üzvüyəm. Buraya üzv olandan sonra bu sahənin əslində öyrənilməklə bitməyən bir elm olduğunu dərk etdim. Məsələn, kulinar, aşpaz dizaynı, kimyanı və s. sahələri bilməlidir. Orta məktəbdə oxuduğum illərdə kimya fənnini yaxşı öyrənməyimin mənə çox köməyi oldu. Hər hansı təamı hazırlayan orada gedən kimyəvi proseslərdən xəbərdar olmalıdır. Kiçik detala da diqqətlə yanaşmalıdır. Yeri gəlmişkən, Milli Kulinariya Mərkəzi də peşə bacarıqlarımızın artırılmasında bizə yaxından kömək göstərir. Hazırda IV dərəcəli aşpazam.
   - Milli mətbəximizi dünyada təbliğ etmək məsuliyyətli işdir. Bu sahədə hansı uğurların var?
   - Azərbaycanın milli mətbəxi çox zəngindir. Zəngin təbiətimiz ərzaq və yeyinti məhsullarının çoxçeşidli olmasına imkan verir. Hər bir kulinarın arzusudur ki, vətənini, milli mətbəxini dünyada təmsil etsin. Bu istiqamətdə Milli Kulinariya Assosiasiyası, Milli Kulinariya Mərkəzi tərəfindən gənclərlə xüsusi iş aparılır. Hər festivala səylə hazırlaşırıq. İlk uğurumu 2009-cu ildə Moldovada qazanmışam, bürünc medala layiq görülmüşəm. 2010-cu ildə isə Yunanıstanda keçirilən beynəlxalq festivalda 1 qızıl və 1 gümüş medal aldım. Orada təqdim etdiyim təam çox maraqla qarşılandı. Samovarda şorba hazırlamışdım. Balıq yeməklərinə görə isə qızıl medal aldım. Ötən il isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda qızıl medal aldım. Fisincan şah-plov hazırlamışdım. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycanlı gənc aşpazlar beynəlxalq festivallarda həmişə fərqləniblər, uğurlar əldə ediblər. Əlbəttə ki, mən də ölkəmi təmsil etdiyimə görə qürur hissi keçirirəm.
   - Yemək bişirmək üçün ilk növbədə nə diqqətdə saxlanılmalıdır? Cəlbedicilik baxımından təamın dizaynı, yoxsa cana faydalılığı?
   - Bunların hər biri vacib məqamlardır. Amma mən düşünürəm ki, bu işlə məşğul olan hər bir kəs - istər evində yemək bişirən evdar xanım olsun, istərsə də hər hansı iaşə müəssisəsinin, turizm obyektinin aşpazı - ilk növbədə təmizliyə diqqət etməlidir. Xörəyin görünüşü, düzgün bişirilmə texnikası, cana faydalılığı, süfrəyə təqdim olunması, ətri-bunların hamısı vəhdət təşkil etməlidir. Müşahidələrimin nəticəsində onu deyə bilərəm ki, dünyada əsasən təamın dizaynına və ətrinə daha çox diqqət olunur.
   - Bu sənətin də özünün daima yenilikləri olur...
   - Əlbəttə. Şəxsən mən Milli Kulinariya Assosiasiyasına üzv olandan sonra gördüm ki, hələ çox öyrənməliyəm. Özümə güvənim və uğurlarım olsa da, daima ixtisaslaşma tələb olunur. İndi bu sahədə istedadlı gənclər çoxdur. Ən əsası odur ki, onların yenilikləri tətbiq etməsinə şərait yaradılır. Hər hansı bir insan yaxşı kabab bişirməklə də tanına bilər, amma düşünürəm ki, bu sənəti seçən insan yerində durmamalı, daima inkişaf etməlidir. Yeni ideyalar irəli sürməlidir. Mənim bir yeməyim var -nar bulyonunda düşbərə. Çox maraqla qarşılandı. Öz fantaziyamla hazırladığım salatlar var. Festivala getməmişdən əvvəl düşünürük ki, nəyi təqdim edək ki, diqqəti cəlb edə bilək.
   - Gələcək planların, arzuların nədir?
   - İndi 4 restoranda baş aşpaz kimi fəaliyyət göstərirəm. Yanımda təcrübə keçən yeniyetmələr var. Onların arasında bu sənətə maraq göstərənlər çoxdur. Amma pul xətrinə gələnlər də az deyil. Heç vaxt məni heç kim məcbur etməyib ki, gəl, aşpaz ol. Öz işinin peşəkarı olandan sonra pul özü gəlir. Bu sənət öyrənməklə qurtarmır. Yeməkdən yemək meydana gəlir, yeniliklər tətbiq olunur. Bu gün süfrələrimizdə o qədər fərqli yeməklər, mürəbbələr, içkilər görmək olur ki... Bütün bunlar kulinariya sənətinin inkişafından xəbər verir. Arzulara gəldikdə isə, istərdim ki, Bakıda yüksək səviyyədə xidmət göstərən, fərqli yeməkləri ilə fərqlənən restoran açım.
   
   Ceyhun Zərbəliyev