İl ərzində 37 hotel ulduz dərəcəsi alıb
   
   Ölkə Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən ilin dekabrında bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziya verilib. Lisenziya almış obyektlər aşağıdakılardır: İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən “Qız qalası” istirahət mərkəzi, Bakı şəhəri, C.Cabbarlı küçəsi, 44 ünvanında yerləşən “Caspian Palace” mehmanxanası, Xaçmaz rayonunun Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Atlant” istirahət mərkəzi, Bakı şəhərinin Novxanı qəsəbəsində yerləşən “AF Hotel-Aquapark”, Şəki şəhəri, Rəsulzadə prospekti, 187 ünvanında yerləşən “Şəki-Saray”, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq Otel”, Bakı şəhəri, Vaqif prospekti, 11A ünvanında yerləşən “İrşad Hotel”, Bakı şəhəri, Azadlıq prospekti, 153 ünvanında yerləşən “City Mansion”, Bakı şəhəri, Z.Tağıyev küçəsi, 17 ünvanında yerləşən “Balion” və Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən “Şah” mehmanxanaları.
   Ümumilikdə 2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 81 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. 60 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alıb. Bundan əlavə, nazirlik tərəfindən 2012-ci il ərzində 37 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Onlardan 11-nə 5 ulduz, 20-nə 4 ulduz, 4-nə 3 ulduz, 2-nə 2 ulduz kateqoriyası verilib.

   Fəxriyyə Abdullayeva