Qafur Qulamın yaradıcılığında Azərbaycanın söz ustadlarına dərin rəğbət duyulur

 

Bu il XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndələrindən Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Qafur Qulamın anadan olmasının 120 illiyidir. Şair bənzərsiz poeziyası ilə özbək ədəbiyyatına yeni ruh və üslub gətirib. Onun yaradıcılığında Azərbaycana qəlbən bağlılıq, klassik ədəbi irsimizə dərin rəğbət hissi aydın duyulur.

Qafur Qulam 10 may 1903-cü ildə Daşkənddə ziyalı ailədə dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alır. Mütaliə yolu ilə biliyini artırır. Atası Qulam ağa savadlı şəxs olub, tacik dilini də bilib. 44 yaşında ikən vəfat edib. Anası da yazıb-oxumağı bacarıb, yaddaşı el ədəbiyyatı nümunələri ilə zəngin olub. Dayısı Abdulla “Mirzə” təxəllüsü ilə şeirlər yazıb. Belə bir mühitdə böyüyən Qafurda erkən çağlardan özbək və fars-tacik ədəbiyyatına dərin maraq yaranıb. Məktəbli yaşlarından şeirlər yazmağa başlayıb. O, sonralar xatirələr kitabında ədəbi zövqünün formalaşması ilə bağlı yazıb: “Mən öz mütaliəmlə biliklər əldə etdim. Buna görə də əvvəlcə atama, sonra isə anama borcluyam”.

II Dünya müharibəsi zamanı valideynlərini müharibədə itirən özbək uşaqlarına acıyan şair 1942-ci ildə “Sən yetim deyilsən” şeirini qələmə alır. Bu şeir 1958-ci ildə Azərbaycanda “Özbək ədəbiyyatı antologiyası”nda şair Qasım Qasımzadənin, 1979-cu ildə isə şair Əhəd Muxtarın tərcümələrində, eləcə də Q.Qulamın “Ömrün baharında” kitabında işıq üzü görüb.

Ədəbiyyatşünas, professor Pənah Xəlilov Q.Qulamın yaradıcılığı ilə bağlı araşdırmasında yazır: “Qafur Qulamın hər şeirində tamamlanmamış bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən həmin fikri vermək üçün istifadə edir”.

Görkəmli ədibin şeirləri, xüsusilə poema, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr Özbəkistan ədəbi mühitinin zənginləşməsinə mühüm təsir göstərib. Nazim Hikmətin pyesləri, U.Şekspirin “Otello”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri Q.Qulamın tərcüməsində özbək oxucularına təqdim olunub.

Özbək ədəbi tənqidinin tanınmış nümayəndələrindən İbrahim Qafurov şairin yaradıcılığı haqqında qeyd edir ki, xalqın tarixi, insanı yer üzünün əşrəfi edən əmək və yaşadığı dövrün ictimai-siyasi prosesləri Q.Qulamın ədəbi irsində həmişə diqqət mərkəzində olub. Şair bu ideyaları daim məhəbbətlə tərənnüm edib. Onun “Mən Şərqdənəm” şeiri əzəmət, milli iftixar və qürurdan yaranıb.

Q.Qulamın ədəbi irsi Azərbaycan oxucusunun daim diqqət mərkəzində olub. Tanınmış Azərbaycan şairləri Xəlil Rza, Qasım Qasımzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı, Əhəd Muxtar, Nüsrət Kəsəmənli, Vaqif Hüseynov, İsgəndər Coşqun, Şəkər Aslan, Cavad Zeynal və başqaları onun şeirlərini dilimizə tərcümə ediblər.

Araşdırmalardan aydın olur ki, şairin əsərlərinin Azərbaycanda sevilməsinin əsasında onun xalqımıza və ölkəmizə olan sevgisi dayanır. Müəllifin “Bir-birinə şagird, bir-birinə ustad”, “Qırx yaşlı Azərbaycan”, “Qardaşım Səməd Vurğuna”, “Qardaş Azərbaycan pambıqçılarına”, “Xəzər” və s. şeirlərində onun ölkəmizə səmimi məhəbbəti əksini tapıb. O, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun pərəstişkarlarından olub. Müəllif “Qardaşım Səməd Vurğuna” şeirini ölməz şairin 50 illik yubileyinə həsr edib:

Burnumun ucu göynər yada düşəndə dostlar,
Səməd Vurğun adını çəkərəm qürur ilə.
Özbəkistan göyləri mənim qəlbimtək dolar
Azərbaycandan gələn sevinc ilə, nur ilə!

Q.Qulamın başqa bir şeirində isə klassik ədəbiyyatımızın görkəmli simalarına şükranlıq duyğusu öz əksini tapıb:

Nizami dühasının tükənməyən sərvəti
Şərqdə neçə şairin yapışıbdır qolundan.
Füzuliyə, Vaqifə, Vidadiyə min hörmət,
Canlı klassikidir Səməd Vurğun bu əsrin.

Bənzərsiz yaradıcılığı yüksək qiymətləndirilən və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan Q.Qulam 1943-cü ildə Özbəkistan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir. “Xalq şairi” fəxri adına, SSRİ Dövlət və Lenin mükafatlarına layiq görülür.

Özbək ədəbi fikrinin inkişafında mühüm rol oynamış Qafur Qulam 10 iyul 1966-cı ildə Daşkənddə vəfat edib.

Savalan Fərəcov