Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədov bu günlərdə (5 avqust) 65 yaşını qeyd edib. Bu münasibətlə Mədəniyyət Nazirliyində rəssamla görüş keçirilib.

Nazir Adil Kərimli sənətkarı təbrik edib, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd olunub ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.

Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Avqustun 8-də Azərbaycan kinosunun korifey sənətkarlarından biri, Xalq artisti Rasim Balayevin 75 yaşı tamam oldu.

Sənətkarın zəngin yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə görkəmli aktyorun “İstiqlal” ordeni ilə təltif edilməsi bu diqqət və qayğının daha bir nümunəsidir.

Rasim Balayevin 75 illiyi münasibətilə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.

Aktyorun Azərbaycan kinematoqrafiyasına töhfələrini yüksək qiymətləndirən nazir onun canlandırdığı obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını vurğulayıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi bir çox ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.

Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.

***

Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Prezidentin fərdi təqaüdçüsü Akif İslamzadə də avqustun 8-də 75 yaşını tamamlayıb. Mədəniyyət Nazirliyində yubilyarla görüş keçirilib.

Nazir Adil Kərimli Akif İslamzadəni təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrimizə sadiqliyi ilə hər zaman nümunə olub. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında fərdi üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.

Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. Görüşdə musiqi sənətimizin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.