735 milyon insan aclıqdan əziyyət çəkir...
Dünya əhalisi artdıqca qida məhsullarına tələbat da artacaq. Son 50 ildə kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 300 faiz artıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmada vəziyyət – 2023” hesabatındakı məlumatlara görə, dünyada orta hesabla 735 milyon insan aclıqdan və doyunca yeməməkdən əziyyət çəkir, eyni zamanda böyük miqdarda yeməli qida itkiyə və ya tullantıya çevrilir.
BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, məişət vərdişləri səbəbindən dünyada hər il təxminən 570 milyon ton qida məhsulları atılır. FAO qida tullantılarının qarşısını almaq üçün tətbiqi asan olan məsləhətlər və tövsiyələrdən ibarət praktik təlimat hazırlayıb. Təlimat alış-verişdə israfçılıqdan qida istehlakına qədər bir neçə mərhələni əhatə edir.
“Qida tullantılarının yaranmasına gətirən səbəblər, o cümlədən fərdi və sosial amillər çoxdur. Buna görə qida tullantılarının həcminin azaldılması üçün müxtəlif səviyyələrdə tədbirlər, həmçinin qida sənayesi müəssisələrinin və siyasətçilərin koordinasiyalı hərəkətləri lazımdır. Lakin infrastruktur, siyasət və normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin əhəmiyyətinə baxmayaraq, bu tədbirlər yalnız istehlakçıların öz davranış qaydalarını dəyişdirməyə hazır olduqları təqdirdə işləyəcək”, – deyə FAO-nun kənd təsərrüfatı sənayesi üzrə mütəxəssisi Robert van Otterdiyk bildirib.