Bu ilin yayında Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələrin beşliyinə daxil olub. Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib.
Onun sözlərinə görə, indiyədək Türkiyə istiqaməti həmişə kütləvi və sərfəli hesab edilib. Bu il həm Türkiyədə hotellərin qiymətləri qaldırması, həm də Rusiyadan təyyarə reyslərinin qiymətinin xeyli artması bu ölkədə istirahəti bahalaşdırıb.
Maya Lomidze qeyd edib ki, bu yay ən bahalı istiqamət Maldiv adalarıdır, oraya 10 günlük səyahətin qiyməti iki nəfər üçün orta hesabla 390 min rubl təşkil edir. İkinci yeri Kuba (238 min rubl), üçüncü yeri Şri-Lanka (213 min rubl) tutur, onun ardınca isə Türkiyə gəlir (185 min rubl).
Ötən il Türkiyəyə 5,2 milyonu ruslar olmaqla, 44,6 milyondan çox xarici turist gəlib. Rusiyadan gələn turistlərin sayında rekord göstərici isə 2018-ci ildə qeydə alınıb. O vaxt Türkiyə 6 milyona yaxın rusiyalı turisti qəbul etmişdi.