Xəbər verdiyimiz kimi, 1-4 avqust tarixlərində Bakıda Özbəkistan mədəniyyəti günləri keçirildi. Qardaş ölkənin tanınmış incəsənət ustaları və söz adamlarından ibarət geniş nümayəndə heyəti ölkəmizə təşrif buyurmuşdu. Rəngarəng konsert proqramları, tamaşa nümayişləri, təqdimatlarla yadda qalan mədəniyyət günləri iki ölkənin qədim dostluğunu, qardaşlığını bir daha nümayiş etdirdi, Azərbaycan cəmiyyətində geniş rezonans doğurdu.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbu orqanı “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədov da mədəniyyət günləri tədbirlərinə qatılıb, iki ölkənin dostluğuna şeir həsr edib.

 

Azərbaycan-Özbəkistan

Xalqlarının kökü birdir,
Canı birdir, qanı birdir,
Dini birdir, dili birdir,
Türkün qədim diyarısan,
Azərbaycan-Özbəkistan.

İgidlərin, ərənlərin
Qan tökərək qoruduğu
Doğma eli, obasısan,
Qəhrəmanlıq dastanısan,
Azərbaycan-Özbəkistan.

Qardaşlaşıb şəhərləri,
Çox qədimdir tarixləri,
Heyran edər hər bir kəsi.
Elm, sənət dühasısan,
Azərbaycan-Özbəkistan. 

Nizaminin, Nəvainin
İnsanlığa işıq saçan
Oxumuşam “Xəmsə”sini.
Mədəniyyətlər tacısan,
Azərbaycan-Özbəkistan.

Bərəkətli torpaqları
Ürək açar hər bir anı,
Mehribandır insanları,
Hər birinə canım qurban,
Azərbaycan-Özbəkistan.