12 avqust Beynəlxalq Gənclər Günüdür. Əlamətdar gün 1998-ci ilin 8-12 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində dünya ölkələri gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda təsis olunub. Beynəlxalq Gənclər Günü münasibətilə bölgələrdə bir sıra tədbirlər keçirilib.

Lənkəran-Astara RMİ və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında “Gənclik parlaq gələcəyimizdir!” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır.

***

Qax rayon Heydər Əliyev Mərkəzi, S.Vurğun adına rayon Mədəniyyət Mərkəzi, 1 nömrəli şəhər Mədəniyyət evi və rayon MKS-nin 2 və 4 saylı şəhər kitabxanalarının birgə təşkilatçılığı ilə “Gənclik dünyanı sülhə səsləyir!” adlı konsert proqramı keçirilib. Çıxışlarda ölkəmizdə gənclər siyasətinin əsasını qoymuş Ulu öndər Heydər Əliyevin bu sahədə göstərdiyi misilsiz xidmətlərindən bəhs olunub. Bədii hissədə incəsənət ustaları və müxtəlif rəqs qrupları tərəfindən konsert proqramı təqdim edilib.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” adlı tədbir təşkil edilib. Əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi diqqətə çatdırılıb. Sonda “Heydər Əliyev və gənclik” adlı film nümayiş olunub.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə sektorunun təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Ağcabədi Olimpiya İdman Kompleksində təşkil edilən tədbirdə bildirilib ki, Ulu öndərin təməlini qoyduğu gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir.

N.Məmmədli