Mütəxəssislərin fikrincə, turizm sektoru biomüxtəlifliyin qorunmasına çalışmalıdır
Turizm və biomüxtəliflik bir-biri ilə çox sıx əlaqəlidir. Əslində təbiətsiz, təbii ehtiyatlarsız turizmin təşkili mümkünsüzdür. Turizmin bir neçə növünü çıxmaq şərti ilə yerdə qalan bütün növlərinin komponentini təbii abidələr, flora və fauna aləmi, su mənbələri təşkil edir. Bu səbəbdən də turizm sektoru biomüxtəlifliyin qorunmasına öz töhfəsini verməlidir.
Təsadüfi deyil ki, BMT 2010-cu ili “Beynəlxalq Biomüxtəliflik İli” elan etmişdi və həmin il Dünya Turizm Günü «Turizm və biomüxtəliflik» devizi altında qeyd edildi. Eyni zamanda təşkilat xəbərdarlıq etdi ki, təbiətə vurulan ziyan insanın yaşayış mühitinə də ziyan vurur. Qeyd edək ki, hələ 2002-ci ildə dünya ölkələri biomüxtəlifliyin pozulması templərini 2010-cu ilə kimi azaltmağa söz versələr də, bu vədlərə əməl edilmədi. Bu baxımdan problem beynəlxalq aləmdə aktual olaraq qalmaqdadır.
Turistləri ekoloji təmiz regionlar cəlb edir
Maraqlıdır, Azərbaycanda bu baxımdan vəziyyət necədir? Ölkəmizdə turizm sahəsi günü-gündən inkişaf edir, yeni hotellər, turizm mərkəzləri tikilir. Ölkəyə gələn turistlərin sayı artır. Azərbaycanın çox gözəl təbiəti, flora və faunası var. Təbii ki, gələn qonaqlar arasında təbiət qoynunda dincəlmək, öz istirahətini meşələrdə, dağlarda gəzməklə keçirmək istəyənlər də çoxdur.
Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun sözlərinə görə, ölkə ərazisində biomüxtəlifliyi qorumaq üçün turizm marşrutları işlənib hazırlanarkən bu məsələ elmi cəhətdən araşdırılmalı, ərazinin həddindən artıq “yüklənməsinə” imkan verilməməlidir: «Digər tərəfdən, əhali arasında maarifləndirmə işləri aparılmalı, izah edilməlidir ki, ətraf mühiti qorumaqla turizmin dayanıqlı inkişafına nail olmaq və yeni iş yerləri yaratmaq mümkündür. Biomüxtəlifliyin qorunmasının üçüncü şərti bu sahədə elmi tədqiqatların aparılması və turizm sektorunun onun nəticələri əsasında inkişaf etdirilməsidir».
Mütəxəssis ekoturizmin və kənd turizminin sürətli inkişaf etdirilməsini də bu şərtlərin sırasına aid edir: «Bir qayda olaraq turistləri məhz ekoloji təmiz regionlar cəlb edir, çünki burada onlar tam sağlam istirahət və təbiətlə təmasdan estetik təəssürat əldə edə bilirlər. Lakin bu zaman ətraf mühitin mühafizəsinin nəzərə alınmaması nəticə etibarilə regionda istirahət imkanlarının və turizm potensialının məhvinə gətirib çıxarır. Buna görə turizm şirkətlərinin də üzərinə məsuliyyət düşür. Onlar turistlər arasında maarifləndirmə işi, ətraf mühitin, su mənbələrinin çirklənməsinə qarşı mübarizə aparmalıdırlar. Bu mövzuda müxtəlif videoçarxlar, bukletlər hazırlanmalıdır».
Turizm müəssisələri ekologiyaya xüsusi diqqət verməlidirlər
Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun bildirdiyinə görə, son illərdə bu sahədə müəyyən qanunvericilik tədbirləri daxil olmaqla, turizm sektorunda ətraf mühitin mühafizəsi yeni səviyyəyə qalxıb: «Avropa İttifaqı «Ekoloji menecment və təftiş sistemində şirkətlərin könüllü iştirakı haqqında» əsasnamə hazırlayıb. Avropa ölkələrinin ekologiya menecmenti sistemi turizm müəssisələrində ekotəftişlərin aparılması, turizm müəssisələri tərəfindən xammal, su, elektrik və istilik enerjisinə qənaət olunmasına köməklik və s. tədbirləri nəzərdə tutur».
Mütəxəssis deyir ki, ekoloji menecmentin metodikasına uyğun olaraq, müəssisələr turizm xidmətləri göstərərkən, ərzağın və inventarların alınmasından gündəlik praktiki məsələlərin həllinə qədər, öz fəaliyyət dairəsinə ekologiya məsələlərini də daxil etməlidirlər: «Turizm müəssisələrinin idarə edilməsinə ekoloji üsulların tətbiq olunması turizm sənayesi üçün yeni bir işdir. Beynəlxalq səviyyədə ekoloji məsələlərin ardıcıl və münasib idarə edilməsinin təməlində ekoloji menecment sistemi durur».
S.Rəhimov bildirir ki, turizm müəssisələri tərəfindən ekoloji idarəetmə üsullarının tətbiqində Avropa ölkələri təcrübəsi və standartları nəzərə alınmalıdır. Bu məsələ «Turist-ekskursiya xidmətləri. Turist xidmətləri. Ümumi tələblər» Dövlət Standartında da əksini tapıb. Sənəddə (maddə 4.2.2) qeyd olunur ki, turizm xidmətlərinin təşkili, ətraf mühitin pisləşməsinə (ərazinin çirklənməsi, bitki örtüyünün tapdanması, ağac və kolların zədələnməsi və yandırılması və s.) təsir etməməlidir».
Turistlərə şifahi məlumat verilir
Məsələyə turizm şirkətlərinin də münasibətini öyrəndik. «Spektr travel» şirkətinin direktoru Göydəniz Qəhrəmanovun sözlərinə görə, bu məsələ turistlə bağlanan hər hansı bir müqavilədə nəzərdə tutulmur. Amma regionlara təşkil edilən turlar zamanı turistlərə bu barədə şifahi məlumat verilir.
«Gilan Tourism»in direktoru Həsən Həsənli də müqavilədə bu barədə bənd olmadığını dedi. Bununla belə, şirkətin daxili turlar üzrə menecerləri həm xarici turistlərə, həm də yerli insanlara təbiət qoynuna edilən səfərlər zamanı biomüxtəlifliyin qorunması ilə bağlı məlumat verir. H.Həsənlinin fikrincə, bu məsələdə hotellər də diqqətli olmalıdırlar. Çünki əksər hallarda turizm şirkətləri turistləri hotelə qədər müşayiət edir. Onların ekskursiyaları isə hotellər tərəfindən təşkil olunur.
Məsələ qanunvericilikdə də əksini tapıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda ekologiyanın qorunması və təbiətə dəyən mənfi təsirlərin aradan qaldırılması üçün müəyyən qanunvericilik aktları və bir sıra qadağalar var: «Məsələn, qoruq ərazisinə insanların icazəsiz girməsi qadağandır. Milli parkların ərazisinə isə vətəndaşlar yalnız xüsusi marşrutlar üzrə - turistlər üçün nəzərdə tutulmuş əraziyə girə bilər. Meşəlik ərazilərə turistlərin daxil olmasına icazə var, amma tonqal qalamasına yox. Bunların hamısı qanunvericilikdə nəzərdə tutulub. Sadəcə, qanunlara əməl etmək lazımdır».
H.Əlizadənin sözlərinə görə, bu məsələdə inzibati tədbirlər, qanunvericiliyin tətbiqi ilə yanaşı, maarifləndirmə də böyük önəm kəsb edir: «Dünya praktikasında da bu sahədə əsas iş maarifləndirmədir. Ona görə də hesab edirəm ki, Azərbaycanda da müvafiq şirkətlər və qurumlar bu məsələyə diqqət yetirməlidir».
Fəxriyyə Abdullayeva