20 avqust Xan Şuşinski və maestro Niyazinin doğum günüdür...


Avqustun 20-si məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) anadan olmasının 122-ci ildönümüdür.

Mədəniyyətimizin beşiyi Şuşada dünyaya göz açan xanəndə adını milli musiqi tariximizə əbədi yazdırmağı bacarıb. Muğam sənətinin “Xan”ı olmasının isə maraqlı tarixçəsi var.

Bir gün İsfəndiyar ustadı – Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli ustad xanəndə Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” – deyir.

İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın ifasından heç də geri qalmayan gəncə təriflər yağdıraraq heyrətlə “Əsl xan elə bu imiş ki!” – deyir. İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir...

Xan Şuşinski 60 ildən artıq davam edən sənət həyatı boyunca, muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. kimi bu gün də dillər əzbəri olan mahnı və təsniflər bəstələyib.

***

20 avqust görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin də (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) doğum günüdür. Maestronun dünyaya gəlməsinin 111-ci ildönümü tamam olur.

Niyazi Üzeyir bəyin böyük qardaşı, bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. Bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Yeniyetməlik illəri Şuşada keçib. Sonra Bakıda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.

İlk musiqi təhsilini skripka üzrə almışdı. Sonradan atasının və əmisi Üzeyir bəyin tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnesinin bəstəkarlıq sinfində davam etdirib. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur dirijorlar siyahısına daxil edə bilmişdi...
Maestro Niyazi bəstəkarlıq fəaliyyəti ilə də musiqi tariximizə dəyərli töhfələr verib. O, "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Rast" simfonik muğamı kimi əsərlərin müəllifidir.