Xalça sənətinin sirlərini öyrənmək istəyənlər üçün tur

 

Azərbaycan Milli Xalça Muzeyi sentyabrın 1-dən xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini görmək istəyən şəxslər üçün turlar təşkil edir.

Muzeydən bildirilib ki, “Yarımköçəri həyat” adlandırılan turda iştirakçılara bu cür həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.

“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsrlərə aid Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün xalçaçı-rəssamın emalatxanasında görüş təşkil olunacaq.

Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.

Turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.

6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər bir həftə öncə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün link: https://forms.gle/RJNMJM7uxoJDASu97