Bakıdakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı və “Zeytun bağları” brendinin dəstəyi ilə elan olunmuş “Təbiətin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb. Müsabiqə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməni təşviq etmək məqsədi daşıyır.

Xətai Sənət Mərkəzindən bildirilib ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikanın müxtəlif guşələrindən yaşı 10-17 olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib.

Təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verilməklə 152 əsər seçilib. “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi avqustun 28-də Xətai Sənət Mərkəzində açılacaq. Seçilən əsərlər avqustun 25-dək Xətai Sənət Mərkəzində təhvil verilməlidir.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat və “Zeytun bağları” brendinin məhsulundan hədiyyə təqdim olunacaq.

Sərgidən seçilmiş 30 rəsm əsərindən  “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və müəllifləri mükafatlandırılacaq.