Bu il görkəmli kinoaktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80 illiyidir. Azərbaycan kino salnaməsində adı hörmətlə çəkilən sənətkar yaratdığı bir-birindən maraqlı obrazlarla sənətsevərlərin yaddaşında silinməz iz qoyub.

Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundan olan ailəsi Şahmarın 9 yaşı olanda Bakıya köçüb. O, İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində görkəmli kino xadimi, rejissor, Xalq artisti Rza Təhmasibin sinfində sənətin sirlərini öyrənib. Məzun olduqdan sonra bir bu təhsil ocağında assistent işləyib, aktyorluq sənətindən dərs deyib.

Hələ üçüncü kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. R.Stoyanovun “Ustalar” tamaşasında uğurlu çıxışı ona aktyor imzası qazandırıb və o, görkəmli sənətkar, SSRİ Xalq artisti Adil İsgəndərovun “xüsusi diqqət-rəğbət dairəsi”nə düşüb. A.İsgəndərovun sonralar “Azərbaycanfilm” kinostudiyası nəzdində yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət alan Şahmar Ələkbərov burada daha da püxtələşib.

 

“Dağlarda döyüş”lə uğurlu yol...

 

O sanki anadan aktyor doğulmuşdu. Aydın diksiyası, ifa manerası hələ gənc ikən kinorejissorların diqqətini çəkirdi. İlk dəfə 1967-ci ildə rejissor Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa Qurbanovun ssenarisi (“Tikanlı məftillər” povesti əsasında) üzrə ekranlaşdırdığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı ilə kino karyerasına başlayır. Rejissor sərhəd qoşunlarında xidmət edən sıravi əsgər obrazı üçün cəmlədiyi səkkiz aktyor içərisindən məhz 24 yaşlı Şahmarı bəyənmişdi. O da ilk sənət imtahanından üzüağ çıxa bilmişdi.

Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır. Məlum olur ki, bu onun II Dünya müharibəsi zamanı Vətəndən qaçaq düşmüş öz atasıdır. Filmdə Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılıb...

Ümumilikdə yaradıcılığı dövründə Ş.Ələkbərov Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Qatır Məmməd”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), İbrahim (“Atları yəhərləyin”) kimi bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif obrazları uğurla canlandırıb.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın yüksək intellekt sahibi olduğunu vurğulayaraq deyib: “Şahmar Ələkbərov aktyor kimi öz işinin öhdəsindən layiqincə gəlməklə yanaşı, zəngin biliklərə malik idi. Sənətin nəzəri və təcrübi tərəfləri haqqında özünəməxsus yanaşmaları vardı. 49 illik nakam ömrünün 25 ilini sırf kinoya həsr etmişdi. 30-dək filmə çəkilmiş, hər birində də fərqli ifası ilə tamaşaçıların qəlbinə yol tapmışdı”.

 

Sürücü Məzahir – kinomuzda yeni obraz

 

Ş.Ələkbərovun yaradıcılığında “Mən ki gözəl deyildim” (1968, rejissorlar Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov) filmində canlandırdığı Məzahir obrazının özünəməxsus yeri var. Filmin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil aktyorun xarakterinə biçilmişdi. O, heç bir improvizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır.

Müharibənin ağır günlərində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahir kinomuzda yeni bir obraz idi. Sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir...

 

“Qəqənisən ki, Qəqəni...”

 

Tofiq Tağızadənin “Yeddi oğul istərəm” (1970) filmindəki Qəzənfər obrazı aktyorun yaradıcılıq imkanlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayıb. Filmdə Qəzənfərin aktyor Fərhad İsrafilova dediyi “Qəqənisən ki, Qəqəni” sözləri tamaşaçıda təbəssüm doğuran səhnələrdəndir. Ekran əsərində digər unudulmaz məqamlardan biri də Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnədir.

 

Həm də rejissor...

 

Ş.Ələkbərov istedadlı aktyor kimi özünü təsdiqləməklə yanaşı, rejissor olaraq da uğur qazanıb. Sənətkar özü rejissorluq fəaliyyəti barədə deyib: “Bir dəfə Adil İsgəndərovun qəbuluna “qoltuğumda” bir ssenari ilə girdim. Dedim, Ədil müəllim, bəs film çəkmək istəyirəm. Ustad bir az o yan-bu yana baxındı və... nə cavab versə yaxşıdır: “Qadam, sənin nə gözəl kostyumun var” dedi. Sonra yaxınlaşıb əlini kostyumun parçasına sürtərək “Gözəl materialı var. Gəlsənə, bundan birini də mənə tikdirək...”. O saat bildim ki, məsələ nə yerdədi və o gediş bir müddət rejissorluq barədə düşünmədim”.

Lakin sərbəst film çəkmək arzusu onu rahat buraxmayıb. O, 1987-ci ildə ilk olaraq Gülbəniz Əzimzadə ilə birlikdə Anarın “Şəhərin yay günləri” pyesi əsasında  “İmtahan” bədii televiziya filmini ekranlaşdırıb.

1989-cu ildə Elçinin “Toyuğun diri qalması” povesti əsasında “Sahilsiz gecə” filmini çəkib. Film hazır olanda böyük hay-küyə səbəb olub. Səbəb isə müharibə dövründə bəzi qadınların yüngül həyat seçməsinin film mövzusuna çevrilməsi idi. “Sahilsiz gecə” bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan itib.

Xalq artisti Tariyel Qasımov film haqqında bunları deyib: “Elçinin ssenarisində ifa etdiyim rol yox idi. Onu rəhmətlik Şahmar Ələkbərovun özü əlavə etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı görərsən. Mənim çəkildiyim səhnə Riqada lentə alınıb. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma gözəl film alındı...”.

Filmdə Roza rolunun ifaçısı, mərhum Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində söyləyib: “Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, millət dolub buraya, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi...”.

 

“Mən onun səsini yazanda...”

 

Ş.Ələkbərov nəinki çəkildiyi filmlərdə, eyni zamanda dublyajlarda səsləndirdiyi onlarla personajın xarakterlərini də tam dolğunluğu ilə tamaşaçıya çatdırmağı bacarıb.

Əməkdar mədəniyyət işçisi, mərhum dublyaj rejissoru Arif Həbibi bu barədə deyib: “Şahmar böyük sənətkar idi. Nadir səsə malik olduğuna görə onu bədii filmlərlə yanaşı, sənədli filmlərin oxunuşuna da dəvət edirdilər. Səsinin məlahətli olmağı bir yana, o həm də, kino dili ilə desək, çox yaxşı “ukladçik” (düzücü) idi. Bir çox aktyorun səsini yazırdıq. Amma “ukladka” (düzmə) etməyə daha çox Həsən Əbluc və Şahmar gəlirdi. Onu yerli filmlərimizlə yanaşı, xarici filmlərin səsləndirilməsinə də çağırırdılar. İl ərzində 60 xarici film dublyaj edirdiksə, Şahmarı ən azı 20-25 filmi səsləndirməyə çağırırdıq... Mən onun səsini yazanda işin mükəmməlliyinə görə həmişə qürur hissi keçirirdim”.

 

“Hər şey “Firəngiz” filminin çəkilişlərindən başladı...”

 

Sənətkar ömrünün son yeddi ili səhhətindəki problemlərlə mübarizədə keçib. Həyat yoldaşı Kamilla Ələkbərova müsahibələrinin birində deyib: “Hər şey “Firəngiz” (1975) filminin çəkilişlərindən başladı. Ondan əvvəl stomatoloqda dili zədələnmişdi. Çəkilişlərdə soyuqladığı üçün xoraya çevrildi. Şahmar dözürdü. Çox möhkəm, iradəli adam idi. 1992-ci ilin qışında onu Hamburqa apardıq, dedilər ki, təbabət bu işdə gücsüzdü. Bakıya qaytarıb xəstəxanaya yerləşdirdik ki, işin ümidsiz olduğunu hiss etməsin. Mən də, əkiz qızlarımız da gecə-gündüz yanında qaldıq. Onun ölüm proqnozu qızlara o dərəcədə təsir etmişdi ki, hətta mənim sağ qalmağımı da qısqanırdılar. Çünki onlar tək elə atalarını yox, ən yaxın dostlarını itirmişdilər. Amma sonralar mənə dedilər ki, atamızın son yeddi il yaşamasının səbəbkarı sən oldun. Məncə isə, onu yaşadan güclü iradəsi, sənətinə olan sevgisi idi. Bütün o müalicə mərhələlərinə, ağrılara, üzüntülərə ona görə tab gətirirdi ki, hansısa bir yaradıcılıq işini tamamlaya bilsin...”.

 

“Qəzəlxan”ın ekran taleyini görə bilmədi

 

“Sahilsiz gecə” filmindən sonra çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu, məşhur şair, qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində öz ssenarisi əsasında “Qəzəlxan” (1991) filmini çəkməyə başladı. O, filmin baş roluna gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Filmdə material çox olduğundan rejissor ekran əsərini iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. 1992-ci ildə Daşkənddə beynəlxalq kinofestivalda mükafata layiq görüldü.

Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Uzun sürən əzab-əziyyətdən sonra sənətkar 1992-ci il avqustun 12-də vəfat etdi...

2021-ci ildə Azərbaycan Dövlət Film Fondunda sənətkarın şəxsi arxiv fondu yaradılıb. Arxiv fonduna Şahmar Ələkbərovun həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa materiallar daxildir. Onların böyük hissəsi sənətkarın ailəsi tərəfindən təhvil verilib.

Hazırladı: N.Məmmədli