“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu Daşsalahlı kəndi) ərazisində yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının növbəti tədqiqat mərhələsi davam edir.
Tokio Universitetinin professoru Yoşihiro Nişiaki və arxeoloq Yaqub Məmmədov rəhbərlik etdiyi tədqiqat işlərinin bu mərhələsi sentyabrın 2-də başa çatacaq.
Ərazidə arxeoloji tədqiqatlar 2015-ci ildə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında imzalanan memorandum çərçivəsində aparılır. 2020-2021-ci illərdə pandemiya səbəbindən işlərə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə 2022-ci ildə tədqiqatlar bərpa edilib.
Bu vaxtadək aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. Mezolit dövrünə aid daha yüksək elmi nəticələr də əldə olunub. Burada qazıntı işləri 3 metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılır. Daha sonra Orta Paleolit dövrünə aid edilə bilən 100-dən çox çaxmaqdaşı və obsidian artefaktı əldə edilib.