AMEA Rəyasət Heyəti aparatının qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi yaradılıb. Qərarın icrası məqsədilə monitorinq komissiyası təşkil edilib.
Komissiya üzvləri bu günlərdə tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndi ərazisindəki “Qədim qəbiristanlıq” adlanan yerdə aparılan arxeoloji qazıntı sahəsində monitorinq həyata keçiriblər.
AMEA-dan bildirilib ki, ərazidə arxeoloji tədqiqatlar 2016-cı ildə başlanıb. 2019-cu ildən isə Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə arxeoloji araşdırmalar davam edir.
Xınalıq kəndinin yaxınlığında Qudyalçayın sağ sahilində, Suta çayla kəsişməsində ümumi sahəsi 2 hektara yaxın ərazidəki nekropolda cari ilin tədqiqatları da daxil olmaqla 30 ədəd daş qutu qəbir tədqiqata cəlb edilib. Monitorinq nəticəsində müəyyən olunub ki, burada aşkar edilən daş qutu qəbirlər şərq-qərb istiqamətli olmaqla çaydaşından qurulub. Qəbir avadanlığı sırasına metal-dəmir və tuncdan silah və bəzək əşyaları, sınmış halda olan saxsı qab nümunələri və s. daxildir. Bu artefaktlar daş qutu qəbirlərin Son Antik və Erkən Orta əsrlərə aid olduğunu deməyə əsas verir.