“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkil etdiyi “StudentFest – 2023” tələbə düşərgəsi davam edir.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin sertifikatlaşdırılması prosesi və işə qəbulu müsabiqəsində dəstək göstərmiş, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan düşərgənin ilk iki istiqaməti tamamlanıb. Düşərgədə natiqlik, idarəçilik və kommunikasiya bacarıqlarını formalaşdıran görüşlər, ixtisasyönümlü təlim proqramları, həmçinin asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədilə keçirilən yarış və intellektual oyunlar təşkil edilib.

Sentyabrın ortalarınadək davam edəcək “StudentFest – 2023”ün növbəti iki istiqaməti jurnalistika, incəsənət, təbiət elmləri, mühəndislik, dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunacaq.