Təsviri sənət tariximizdə geniş yaradıcılıq fəaliyyəti ilə tanınan sənətkarlarımızdan biri də Xalq rəssamı Kazım Kazımzadədir. O, yaradıcılığı boyu milli adət-ənənələrə, etnoqrafiya və geyim tariximizə ürəkdən bağlanıb. Teatr tamaşalarına və filmlərə maraqlı geyim eskizləri çəkib. Təsadüfi deyil ki, “Atları yəhərləyin” bədii filminin geyim eskizlərinə görə respublika Dövlət mükafatına layiq görülüb. Bu il sənətkarın anadan olmasının 110 illiyidir.
Kazım Məmmədəli oğlu Kazımzadə 10 avqust 1913-cü ildə Bakıda dünyaya göz açıb. Pedaqoji Texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Dəvəçi rayonuna (indiki Şabran) göndərilir. Orada bir müddət müəllim işləyir...
Rəssamlığa erkən çağlardan maraq göstərmişdi. Tələbə ikən müəllimləri onun rəssamlıq istedadını görmüş və bu sahə üzrə də təhsil almasını tövsiyə etmişdilər. Odur ki, 1936-cı ildə Bakıda Rəssamlıq Texnikumuna daxil olur. Sonra İ.Y.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alır.
Onu da qeyd edək ki, görkəmli sənətkarın həyat yolları hamar olmayıb. 1941-ci ildə müharibə başlayanda o da orduya çağırılır. Bir il sonra hərbi qulluqdan tərxis olunur. Bakıya qayıdır və Azərbaycan Dövlət İncəsənət Muzeyinin (indiki Milli İncəsənət Muzeyi) direktoru təyin edilir. Bu arada “Cəbhə yollarında” silsiləsindən müharibənin fəlakətlərini göstərən rəsm əsərləri də yaradır.
Sənətkar əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində çalışıb. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb. Bu sırada Nizami Gəncəvinin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyaları xüsusi qeyd edə bilərik.
Araşdırmalardan məlum olur ki, o, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd olub. Yaradıcılıq fəaliyyəti dövründə “Kitabi-Dədə Qorqud” eposuna, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə də müraciət edib.
Kazım Kazımzadənin çəkdiyi əsərlər keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Onun eskizləri əsasında həm də gözəl xalçalar toxunub.
Sənət sahəsində uğurlarına görə 1943-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 1964-cü ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülən Kazım Kazımzadənin ömrünün əlli ili Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə bağlı olub. Onun rəhbərliyi dövründə muzeyin fondları dəyərli sənət əsərləri ilə zənginləşir, bu nümunələr Azərbaycanla yanaşı, müxtəlif ölkələrdə təqdim olunur.
Rəssam həm də dünya miqyasında tanınan muzey mütəxəssisi kimi təsviri sənətimizin təbliği sahəsində uğurla fəaliyyət göstərib. Uzun illər Beynəlxalq Muzeylər Şurası (ICOM) SSRİ Komitəsinin üzvü olub. 1992-ci ildə isə, vəfatından az öncə yenicə təsis edilən ICOM Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdi.
Muzey işi vaxtının çox hissəsini alsa da, yaradıcılığa imkan tapırdı. Bakıda Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını o vermişdi. Tarixi-inqilabi mövzuda silsilə rəsmlər (“Bakıda inqilabi-tarixi hadisələr”, “416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri” və s.) də yaradır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operalarına geyim eskizləri hazırlayır. Rəssam “Kirpi” jurnalı ilə fəal əməkdaşlıq edib, satirik illüstrasiyaları böyük maraqla qarşılanıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı Şəhər Partiya Komitəsinin binası Dövlət İncəsənət Muzeyinə verilir. K.Kazımzadənin rəhbərliyi ilə qısa müddətdə muzeyin yeni ekspozisiya bölmələri təşkil edilir. Fond və xidmət otaqlarının sayı artırılır. Uzun illər saxlanclarda qalan qiymətli sənət əsərlərinin geniş tamaşaçı kütləsinə çatdırılmasına şərait yaradılır.
K.Kazımzadə respublikada sənətşünas və muzey üzrə mütəxəssislərin yetişdirilməsinə də mühüm töhfələr verib.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın 80 illik yubileyi münasibətilə nəşr olunan “Sənətkar ömrü” kitabında yazır: “Bu gün İncəsənət Muzeyinin divarlarında Kazım müəllimin nəfəsi, hər eksponatda əllərinin hərarəti, sənət yanğısı duyulmaqdadır. Sənət fədaisinin doğma evindən də artıq sevdiyi, ömrünün ən gözəl günlərini bəxş etdiyi muzey ölməz sənətkarın ənənələrini qoruyub saxlamalıdır...”.
Xalq rəssamı, Dövlət mükafatı laureatı və fədakar muzey mütəxəssisi Kazım Kazımzadə 4 oktyabr 1992-ci ildə, 79 yaşında vəfat edib.
S.Fərəcov