Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində MDB üzrə xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.

Seminarda Azərbaycandan “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev, klubun üzvü Elnur Abbasov və AZƏRTAC-ın əməkdaşı Hümbət Məmmədov iştirak ediblər.

Seminar zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib.

İştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olub, agentliyin iş prosesini yaxından izləyiblər.

Gələcəkdə “Gilavar Foto Klubu” İctimai Birliyi ilə TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.