Maestronun doğum gününə həsr olunan konsert
Avqustun 20-də dünya şöhrətli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (1912-1984) anadan olmasının 111-ci ildönümü tamam oldu. Bu münasibətlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.
Filarmoniyanın yay səhnəsində uzun fasilədən sonra təşkil olunan konserti izləməyə çoxsaylı musiqisevərlər, paytaxtımızın qonaqları, Mədəniyyət Nazirliyinin nümayəndələri, musiqi xadimləri gəlmişdi.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış etdilər.
Niyazinin “Konsert valsı” ilə başlayan konsert proqramı ilk notlarla açıq səmadan mavi Xəzərə bir salam yollayaraq həmin gün unudulmaz maestronun ruhuna sürəkli alqışları bəxş etdi. Daha sonra Niyazinin işləməsində “Qaragilə” xalq mahnısını Gülnar Qüdrətli özünəməxsus ifa tərzi ilə təqdim etdi.
Fatimə Cəfərzadənin ifasında “Arzu” romansı da bu dəfə Niyazi yaradıcılığına yeni yanaşmanı ortaya qoydu. Bu da əbəs deyildi. Çünki Niyazi özü də vaxtilə Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı.
Filarmoniyanın yay səhnəsində həm əyləşən, həm də konserti elə ayaqüstü dinləyən tamaşaçılar orkestrin çıxışını və solistlərin ifalarını sürəkli alqışlarla qarşıladılar.
Dahi dirijorun doğum gününə töhfə olan konsert proqramı bəstəkarın “Rast” simfonik muğamı ilə yekunlaşdı. Niyazi bu məşhur əsəri 37 yaşında, 1949-cu ildə nota alıb.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında müstəsna rol oynayan sənətkarın zəngin irsi musiqi mədəniyyətimizdə əbədi yaşayacaq.
L.Azəri