“Artım” məkanında qrup sərgisi davam edir

 

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Qəbahətli zövq”) adlı qrup sərgisi davam edir.

“Guilty pleasure” sosial termindir və cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.

“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla yanaşı, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla şıltaq, ekssentrik, şən olmağa sövq etməkdir.

Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.