Sizə kimdən deyim, kimdən danışım, bapbalaca, şipşirin, gözəl Nuraydan. Nurayın 5 yaşı var. Oynamağı, atılıb-düşməyi çox, lap çox sevir. Yorulmağın nə olduğunu Nuray heç anlamır da. Dostları, yoldaşları yoruldum deyəndə isə bu balaca qız təəccübünü heç də gizlətmir. “Yoruldum nə deməkdi?” deyə onları sorğu-suala tutur.

Nuray çox gözəl olduğu kimi, çox mehriban və maraqlı qızdır. O, qəribə söhbətləri ilə öz ətrafının daim diqqət mərkəzində olur, hamı onun qeyri-adi söhbətlərini dinləməkdən xüsusi zövq  alır.

Balaca Nuray oynamağı o qədər çox sevir ki, hətta gecənin də olmasını istəmir.   İstəyir ki, heç vaxt gecə olmasın, insanlar da heç vaxt yatmasınlar. Gündüzlər daimi olsun və uşaqlar da həmişə oynasınlar.

Gecələr anası Nurayı yatmağa aparanda o, çox bikef olur, kaş gecə olmayaydı, səhər tez açılaydı deyə həvəsi olmadan yatağa gedirdi. Belə gecələrin birində Nuray yenə həvəsi olmadan yatmışdı. Yuxuda gördü ki, Günəş onlara qonaq gəlib. Hamı sevinib yuxudan qalxır və Günəşi salamlayır. Balaca Nuray isə hamıdan çox sevinir. Nuray Günəşlə dost olur və daha onu getməyə qoymur ki, heç vaxt gecə olmasın, özü də bütün günü oynaya bilsin. Günəş də Nurayla dostluq edir, uşaqlara qoşulub onlarla bütün günü oynayır və bir də heç vaxt gecə olmur. Nuray da gecə olmadığına görə çox sevinir və bütün günü dostları ilə oynayır. 

Səhər Nuray həmişəki kimi yuxudan oyanır. Əlini, üzünü yuyur, dişlərini fırçalayır və səhər yeməyini tələsə-tələsə yeyir ki, tezliklə oynamağa getsin. Yeməyini yeyib qurtaran kimi cəld həyətə qaçır və bayaqdan səs-küyləri bütün həyəti bürüyən uşaqlara qoşulub onlarla birlikdə oynamağa başlayır. Uşaqlar həyətdə gah gizlənir, gah qaçır, müxtəlif oyunlar oynayır, hərdən gözdən itirlər...

Onların başları oynamağa o qədər qarışmışdı ki, axşamın düşməyindən heç xəbərləri olmamışdı. Nuray bir də başını qaldırıb gördü ki, hava toranlaşıb, yavaş-yavaş qaralıq düşür. Nuray “Ay aman, yenə axşam düşür!” – deyə kədərlə düşünəndə, birdən yadına dünən gecə gördüyü yuxusu düşdü. Axı o, yuxuda Günəşi tutub saxlamış və ondan xahiş etmişdi ki, yanından heç yana getməsin, heç vaxt gecə olmasın. “Niyə səhər Günəş çıxanda yuxumu unutmuşam?” – deyə Nuray özünü çoxlu-çoxlu danlamağa başladı:

– Yuxumu unutmasaydım, indi Günəş yanımda olardı, axşam da düşməzdi. Yox, necə olursa-olsun, sabah Günəş çıxanda onu qonaq çağıracam, onunla dostluq edib yanımda saxlayacam. Qoymayacam daha göyə qayıtsın. Onda heç vaxt gecə olmayacaq, mən də heç vaxt yatmayacam.

Nuray bu fikirlərlə evə dönüb şam yeməyini yedi və həmişəki kimi axşam həvəsi olmadan yatmağa getdi. Amma Nuray nədənsə bu fikirlərini nə anasına, nə də dostlarına dedi...

Səhərdir. Günəşin parlaq şəfəqləri pəncərədən Nurayın məsum üzünə düşərək gözlərini qamaşdırdı. O, gözlərini açdı, Günəşi görüb çox, lap çox sevindi. Yerindən qalxıb həyətə qaçdı, Günəşi çağırmağa başladı. Anası arxadan onu nə qədər səslədisə də, Nuray geri dönmədi. O, anasına “Ana, qoy Günəşi çağırım onunla birlikdə gələrik” dedi. Heyrətlə ona baxan anasına və dostlarına məhəl qoymadan həyətə qaçdı. Nuray həyətdə o tərəf-bu tərəfə qaçaraq əlini Günəşə sarı uzadır, “Ay Günəş, tez ol gəl! Gəl dost olaq, bir yerdə oynayaq, daha heç vaxt axşam olmasın!” – deyə onu səsləyirdi.

Günəş isə gah batır, gah da çıxaraq parlaq şüaları ilə Nurayın gözlərini qamaşdırır, sanki onunla gizlənqaç oynayırdı. Nuray isə isti günün altında o tərəf-bu tərəfə qaçıb Günəşi səsləməkdən yorulmurdu. Düşünürdü ki, “yəqin Günəş çox uzaqda olduğu üçün onu eşitmir”. Ona görə də əllərini daha yuxarı uzadıb, daha bərkdən, var qüvvəsi ilə çığırıb Günəşi yanına, onunla oynamağa çağırırdı. Nə Günəşin istisindən alnından üzüaşağı axan tər damcıları, nə də gözqamaşdırıcı şüalar bu məsum qızcığazı yorub, incidirdi. Nuray nəyin bahasına olursa-olsun, Günəşi yanına gətirmək, onunla daimi dost olub qaranlıq gecədən canını birdəfəlik qurtarmaq istəyirdi.

Nurayın bu qəribə hərəkətləri həyətdə hər kəsin diqqətini cəlb edir, güldürürdü. Anası, dostları Nuraya başa saldılar ki, Günəşi heç vaxt yerə gətirmək olmaz. O öz şüaları ilə hər yerə işıq, istilik bəxş edir. Nuraysa uşaq fantaziyası ilə gördüyü yuxuya inanaraq Günəşi yanına gətirmək üçün çox çalışır, onu səsləyirdi. Günəşsə gəlmirdi ki, gəlmirdi.

Gecədir. Nuray yenə həvəssiz öz çarpayısında uzanıb yatmağa hazırlaşır. “Yox, necə olursa-olsun, mən Günəşi mütləq gətirməliyəm” – deyə xəyal edir, istəyinə nail olmaq üçün müxtəlif yollar axtarır, axtarır.

Belə düşüncələr içində Nuray məsum gözlərini yumdu və şirin yuxuya getdi. Bizim də balaca qızcığaz haqqında nağılımız bax beləcə sona çatdı.

Göydən üç alma düşdü. Əziz balaca dostlar, gəlin, bu almanın üçünü də Nurayımıza verək. “Yeyib tez böyüsün və anlasın ki, Günəşi yerə gətirmək olmaz!...

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı