Böyük Qayıdışın növbəti ünvanı...

 

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın növbəti ünvanı Füzuli şəhəridir. Yenidən qurulan Füzuli otuzillik həsrətdən sonra sakinlərinə qucaq açır.

Şəhərdə inşa edilən yaşayış kompleksinə ilk köç 18 avqustda gerçəkləşib. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailəyə (90 nəfər) yeni mənzillərin açarları təqdim edilib.

Avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə 24 ailə (68 nəfər) köçürülüb.

Avqustun 22-də isə Füzuli şəhərinə daha 23 ailə (89 nəfər) köçürülüb.

Bununla da Füzuli şəhərində 70 ailənin (247 nəfər) daimi məskunlaşması təmin edilib. Onlar yeni inşa edilən çoxmənzilli binada yaşayacaqlar.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həmin ailələr arasında püşkatma keçirilib. Püşkatma nəticəsində ailə tərkibinə uyğun olaraq onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

***

Avqustun 20-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə də növbəti köç karvanı yola salınıb. Laçın şəhərinə daha 13 ailə (46 nəfər) köçürülüb.

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr doğma yurdda yenidən canlanır.

Laçın şəhərinə sakinlərin qayıdışı bu il mayın 28-də başlayıb və mərhələlərlə davam edir. İndiyədək şəhərdə 234 ailənin (904 nəfər) daimi məskunlaşması təmin edilib.