Avqustun 22-də Bakıda Azərbaycanın əksər rayonlarını təmsil edən qızların (100 nəfər) iştirakı ilə “Biz birlikdə güclüyük!” adlı yay düşərgəsi başlayıb. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən yay düşərgəsində rayonlarda baş tutmuş tədbirlər zamanı öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak edirlər.

Düşərgənin açılış mərasimi Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Cırtdan” uşaq istirahət mərkəzində keçirilib.

Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva tədbir iştiraklarını salamlayıb, onlara xoş istirahət arzulayıb. Yay düşərgəsi qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır.

10 gün davam edəcək düşərgədə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.