Şavkat Mirziyoyev: “Strateji tərəfdaşlığımız öz real bəhrələrini verir”

 

Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri avqustun 22-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə deyib.

Prezident İlham Əliyev qeyd edib ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. “Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər”, – o əlavə edib.

Azərbaycana dövlət səfərinə dəvətə və nümayəndə heyətinə göstərilən dostcasına və qardaşcasına münasibətə görə təşəkkürünü bildirən Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən (iyul 2023 – red.) sonra Azərbaycana səfərinin təsadüfi olmadığını vurğulayıb: “Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür”.

Görüşdə iki ölkənin xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq, sahələr üzrə məruzələri təqdim ediblər.

Dövlət başçıları əlavə tapşırıqlar veriblər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olunub, həftədə 15 reysin həyata keçirildiyi bildirilib.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edilib. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulanıb.

 

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb

 

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.

Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında antiinhisar, istehlak bazarına nəzarət və rəqabətin inkişafı sahəsində əməkdaşlıq, energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi haqqında sazişə əlavə və dəyişikliklərin edilməsi, gənclər siyasəti və idman sahələrində əməkdaşlıq, media sahəsində əməkdaşlığın inkişafı və digər sahələrə dair sənədlər imzalanıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.

 

“Bu, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir”

 

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

“Biz bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir: “Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”.

“Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir”, – deyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

İlk dövlət səfərini Azərbaycana etdiyini vurğulayan Ş.Mirziyoyev deyib: “Çünki biz, həqiqətən də, iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqı bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər”.