Türkiyənin “TV8” telekanalında yayımlanan və geniş izləyici auditoriyası olan “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışı Azərbaycana həsr edilib.

Layihə Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə reallaşıb.

DTA-dan bildirilib ki, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanmasından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.

“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı avqustun 24-də Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanıb.

Qeyd edək ki, layihəyə Bakı Yunus Əmrə İnstitutu da dəstək verib. İnstitutun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması səbəbilə Azərbaycanın turizm potensialını dünyaya tanıtmaq üçün “MasterChef Türkiye”ni Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını qeyd edib.

Selçuk Karakılıç “MasterChef Türkiye”nin Bakıdakı çəkilişlərində və Azərbaycanın tanıdılmasında DTA-nın böyük rolu olduğunu vurğulayaraq agentliyə də təşəkkürünü bildirib.