Rusiya paytaxtında keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycandan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nubar Cəlilova iştirak edib.

O, bu il 95 illik yubileyini qeyd edən Respublika Gənclər Kitabxanasının fəaliyyəti, kitabxanada tətbiq edilən milli sistem – “Alisa” proqramı haqqında ətraflı məlumat verib, kitabxananın elektron xidmətləri, virtual ünsiyyət vasitələri və əməkdaşlarının müvafiq təlimlərə cəlb olunmasından danışıb.

Təlim iştirakçıları Moskvanın iri kitabxanalarında olublar. Rusiya Dövlət Kitabxanasının Elmi və tədris fəaliyyəti departamentinin direktoru Yevgeniya Quseva və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə rəsmi şəxs Dmitri Polikanovla görüş keçirilib. Görüşün sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq humanitar əməkdaşlığın “Yeni nəsil” proqramı çərçivəsində təşkil edilən təlim kursuna Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistandan da kitabxanaçılar qatılıb. Təlim kursu çərçivəsində nümunəvi bələdiyyə kitabxanalarının yaradılması, kitab nəşrlərinin rəqəmsallaşdırılması üzrə Rusiyanın milli layihələri, müasir dövrdə kitabxanalar qarşısında duran vəzifələr və s. bu kimi mövzular müzakirə edilib.