Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Heydər Əliyev Mərkəzində olub.

Mərkəzin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qonaq “Azərbaycan inciləri” sərgisinə baxıb. Bildirilib ki, ekspozisiya Azərbaycanın tarixini, təbii sərvətlərini, zəngin mədəni irsini əks etdirir.

“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Özbəkistan Prezidentinin xanımı “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə də tanış olub. Qeyd olunub ki, burada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti sərgilənir.

Bunlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Yunanıstan, Mərakeş, Misir,  Özbəkistan, Pakistan, Türkiyə, Türkmənistan və s. – ümumilikdə 30-dək ölkəyə aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Özbəkistanlı qonaq “Kukla incəsənətdə” sərgisinə də baxıb. Diqqətə çatdırılıb ki, burada nümayiş etdirilən sənət əsərlərinin əksəriyyəti tək nüsxədə hazırlanıb və bir çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Sonra Özbəkistan Prezidentinin xanımına “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı xalça kolleksiyası haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb.

Ziroatxon Mirziyoyeva Heydər Əliyev Mərkəzinin Auditorium zalında olub. Sonda xatirə kitabına ürək sözlərini yazıb.

Qonağa “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı kitab hədiyyə olunub.