Şahmar Ələkbərovun doğum günündə xatirəsi yad olundu

 

Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam oldu. Bu münasibətlə həmin gün II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olundu. Mədəniyyət Nazirliyinin nümayəndələri, kino xadimləri və aktyorun ailə üzvləri sənətkarın məzarı üstünə güllər düzüb xatirəsini yad etdilər.

Sənət dostları görkəmli aktyorla bağlı xatirələrini bölüşdülər. Şahmar Ələkbərovun aktyor və rejissor kimi Azərbaycan kinosunda qoyduğu izdən söz açdılar.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında dedi: “Hər dəfə Şahmar Ələkbərovun xatirəsinin işığına yüzlərlə insan yığışır. Bu onu göstərir ki, əsl sənətkar həm də əbədiyaşardır. Şahmar fitri istedadı sayəsində ekran əsərlərimizə yeniliklər gətirib, kinoda böyük ustalıqla müxtəlif xarakterli obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən qiymətli nümunələrindəndir. O özündən sonra böyük bir kino irsi qoyub. Azərbaycan Televiziyasının “qızıl fond”unda onun səsi ilə qorunub saxlanılan zəngin bir irs var”.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov Şahmar Ələkbərovun şəxsiyyət kimi mənəvi zənginliyindən danışdı: “Gənclik illərində bir-birimizi istedad deyilən məfhumla dəyərləndirirdiksə, bu gün yaş artdıqca dostlarımızı mənəvi tərəfdən daha çox qiymətləndirməyə çalışırıq. Şahmar özünü çox uğurlu, istedadlı aktyor və rejissor kimi göstərdi. Bununla yanaşı, onun mənəvi dünyasının zənginliyi birinci sırada dayanırdı”.

Xalq artistləri Rafiq Əzimov, Vaqif Mustafayev, Əbdül Mahmudov, Həmidə Ömərova, Xalidə Quliyeva, Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, Əməkdar artist Loğman Kərimov Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşdülər.

Çıxışlarda aktyorun ömür və sənət yolunun maraqlı məqamları vərəqləndi. Qeyd olundu ki, dürüst və səmimi insan olan Şahmar Ələkbərov aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşıb. Cəmi 49 il yaşayan sənətkar bu qısa ömürdə yaratdığı obrazlarla, lentə aldığı filmlərlə adını kino tariximizə əbədi yazıb. Azərbaycan kinosu parlaq istedadlı bir sənətkarını vaxtsız itirsə də, o, yaratdığı obrazlarda əbədi yaşayacaq.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov unudulmaz sənətkarın milli kinematoqrafiya tariximizdə qoyduğu zəngin irsin bu sahədə fəaliyyət göstərən gənclər üçün bir örnək olduğunu diqqətə çatdırdı: “Sənət dostları, Şahmar sənətini sevənlər onun işığına yığışıb, ehtiramla yad edirlər. Bu anım sənətə və sənətkara, eyni zamanda kino salnaməmizə hörmət və ehtiramın nümunəsidir. İncəsənətdə, o cümlədən kino sənətində tarixə çevrilən insanlar heç zaman unudulmurlar, Şahmar Ələkbərov da belə unudulmaz şəxsiyyətlərdən biridir”.

Anım mərasiminin sonunda sənətkarın həyat yoldaşı Kamilla Ələkbərova Şahmar Ələkbərovun xatirəsinə göstərilən ehtirama görə Mədəniyyət Nazirliyinə, Dövlət Film Fonduna və kino ictimaiyyətinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Şahmar Ələkbərov rejissor Kamil Rüstəmbəyovun 1967-ci ildə lentə aldığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı ilə kinoda ilk uğurlu addımlarını atıb. Daha sonra “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” – ümumilikdə otuza yaxın filmdə yaddaqalan obrazlar qalereyası yaradıb. Aktyor bir çox ekran əsərlərinin dublyajında da iştirak edib, bənzərsiz səsi ilə məşhur kino qəhrəmanlarını tamaşaçılara sevdirib. Rejissor kimi də özünü sınayan Şahmar Ələkbərov ilk olaraq Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib, “Yük” bədii filminin ssenarisini yazıb. Milli kino salnaməmizdə dərin iz qoyan sənətkar 1992-ci ilin 12 avqust tarixində dünyasını dəyişib.

Lalə