Abidələrin bərpası zaman alan və peşəkar yanaşma tələb edən prosesdir. Biz həmçinin bərpa prosesləri üçün dövlət-özəl tərəfdaşlığının qurulması sahəsində də işlər aparırıq.

Bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Ölkəmizdəki tarix-memarlıq abidələrinin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təşkilinə nəzarət barədə danışan S.Hacıyeva bildirib ki, Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş, yəni reyestrə daxil edilmiş 6308 abidədən 4331-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektin mühafizəsinə nəzarət edir. Birbaşa nəzarətin həyata keçirilməsi işi Dövlət Xidmətinin 5 regional idarəsinin abidə mühafizəçiləri vasitəsilə təmin olunur. Ölkə ərazisində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə bu ilin aprel ayından monitorinq həyata keçirilir. Hazırda Dövlət Xidməti tərəfindən dünya əhəmiyyətli Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilir. Eyni zamanda bu günə kimi aparılmış işlər təhlil olunub və ərazidə müasir infrastrukturun yaradılması istiqamətində də layihənin hazırlanması planlaşdırılır.

Bundan əlavə, Qax və Şamaxı rayonlarında yerləşən bir sıra abidələrə də baxış keçirilib, həmçinin “Qobustan”, “İlisu”, “Pir Hüseyn”, “Keşikçidağ”, “Avey” və “Zaqatala” qoruqlarının hazırkı vəziyyəti öyrənilib. Aparılan təhlillərin nəticəsinə uyğun tədbirlər görüləcək. 

Abidələrə müdaxilə halları barədə danışan Dövlət Xidmətinin rəisi bildirib ki, abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Həm paytaxtda, həm də bölgələrdə yerləşən abidələrə edilən müdaxilələrin qarşısı dərhal alınır və lazımi tədbirlər görülür: “Düşünürük ki, tarixi abidələrə münasibəti dəyişmək üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Abidələrin qorunmasına vətəndaşlar xüsusi həssaslıqla yanaşmalıdır”.

Daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsi zərurəti barədə söz açan S.Hacıyeva deyib: “Hazırkı reyestr 2001-ci ildə təsdiq edilib. Həmin siyahının yenilənməsinə ciddi ehtiyac yaranıb. Çünki mövcud reyestrin hazırlanmasından uzun zaman keçib və siyahıya daxil edilməyən xeyli sayda abidə var. Eyni zamanda aparılmış təhlillər nəticəsində məlum olub ki, siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarda uyğunsuzluq və çatışmazlıqlar mövcuddur. Yeni reyestrin hazırlanması həm hazırkı siyahıya daxil edilməyən abidələrin əlavə olunması, həm də faktiki siyahıda yer alan bəzi abidələrin məlumatlarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və yenilənməsini təmin edəcək”.