Əmir Teymur onun haqqında edam qərarı vermiş, sonra əfv etmişdi

 

Orta əsrlərdə, xüsusilə XIII-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində musiqi nəzəriyyəçisi kimi tanınan alimlərimizdən biri də şair, filosof, rəssam, xəttat, mahir xanəndə Əbdülqadir Marağayi olub. Bu il Azərbaycan mədəniyyəti tarixində böyük iz qoymuş görkəmli mütəfəkkirin anadan olmasının 670 illiyidir.

Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi 1353-cü ildə Cənubi Azərbaycanın Marağa şəhərində dünyaya göz açıb. Musiqişünas kimi tanınan atası onun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Əbdülqadir ərəb və fars dillərini dərindən mənimsəyir. Ancaq o, erkən yaşlarından musiqiyə daha çox maraq göstərir, Şərq musiqi elmini öyrənməyə səy göstərir. Çox keçmir Marağa şəhərində istedadlı xanəndə və bəstəkar kimi məşhurlaşır.

Araşdırmalarda qeyd edilir ki, Əbdülqadirin belə tez məşhurlaşmasında Marağa mühitinin böyük rolu olub. Çünki bu şəhər həmin dövrdə təkcə Azərbaycanın deyil, ümumən Yaxın Şərqin mühüm elm və sənət ocaqlarından idi.

Bir müddət sonra o, Bağdada köçür, burada yazıb-yaradır. Sənət şöhrəti sərhədləri aşır. O, Təbrizə Sultan Üveys Cəlairin sarayında keçirilən məclislərə də dəvət edilir. Ə.Marağayi 1377-ci ildə yazdığı “Alxani Siqana” (“Otuz mahnı”) əsərində saray məclislərinin birində başına gələn əhvalatdan bəhs edib. Araşdırmalarda qeyd edilir ki, Sultan Üveys Cəlairin vəfatından sonra taxta çıxan oğlu Sultan Hüseyn saray məclislərinin birində Ə.Marağayiyə Ramazan ayının 30 gününün hər birinə ayrıca musiqi əsəri yazmağı təklif edir. O, təklifi qəbul etdiyini bildirir. Məclisdə iştirak edən musiqişünas Rizvanşah Təbrizi buna heç cür inanmadığını deyir. Ancaq bu işin baş tutacağı təqdirdə gənc musiqiçiyə 100 min qızıl dinar verəcəyini bildirir. Ə.Marağayi isə qısa bir müddətdə verdiyi sözə əməl edir. Dövrün hörmətli şəxsi sayılan Rizvanşah Təbrizi musiqiçinin böyük istedadına heyran olur, 100 min qızıl dinar bağışlamaqla yanaşı, qızını da ona ərə verir...

1393-cü ildə Əmir Teymur Bağdadı işğal edir. Şəhərin bir çox görkəmli sənətkarları ilə bərabər Ə.Marağayini də Səmərqəndə göndərir. O, Teymurun sarayında böyük hörmət qazanır. 1399-cu ildə yenidən Azərbaycana qayıdır. Təbrizdə Teymurun oğlu Miranşahın sarayında çalışır. Bir müddət sonra sarayda hərc-mərclik yaranır. Bu fürsətdən yararlanan Ə.Marağayi Bağdada gedir. Ancaq onun burada rahat yaşaması və yaradıcılıqla məşğul olması mümkün olmur. Çox çəkmir, Əmir Teymur geri dönür. 1401-ci ildə Bağdada gəlir və Ə.Marağayi həbs olunur. Bu dəfə onun haqqında ölüm hökmü çıxarılır. Tarixçi Xandəmir “Həbibi-Siyar” əsərində yazır: “Əbdülqadirin edam günü Bağdad camaatı həyəcanlı bir gün yaşayır. Böyük bir təlaş içində meydana toplanır. Edam mərasimində Əmir Teymur da iştirak edir. Sənətkarı öldürməyə gətirəndə o, Qurandan bir surəni ucadan, həm də çox təsirli və xoş bir avazla oxuyur. Onun belə mahir oxumasından Teymur da çox təsirlənir. Edamı dayandırır və “Əbdülqadiri əfv etdim” deyir. Sonra gülümsəyərək əlavə edir: “Əbdülqadir qorxudan Quranda cəng çaldı”.

1405-ci ildə Əmir Teymur vəfat edir. Marağayi daha Bağdad şəhərində yaşamaq istəmir. İndiki Əfqanıstanın Herat şəhərinə köçür. 1436-cı ildə taun xəstəliyindən vəfat edir.

***

Görkəmli musiqi nəzəriyyəçisinin yaradıcılığını tədqiq edən bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəyli yazır: “Nadir istedad, hərtərəfli məlumat və dərin təfəkkür sahibi Ə.Marağayi musiqi sənətinə hərtərəfli yanaşan alimdir. O, musiqi sədalarında hər şeydən əvvəl, insan nəfəsinin ən səmimi ifadəsini duyur, musiqi avazı ilə insan varlığının ülviyyətini, daşıdığı böyük, dərin mənanı dərk etmək istəyir”.

Araşdırmalardan məlum olur ki, Marağayi musiqi təlimi sahəsində geniş yaradıcılıq işi aparıb, bir neçə qiymətli əsər yazıb. “Came-əl-Əlhan”, “Məqasid-əl-Əlhan”, “Kənz-ül-Əlhan” onun məşhur əsərləridir. Bu ölməz əsərlər Şərq, xüsusilə Azərbaycan musiqisi ilə məşğul olanlar üçün tükənməz bir xəzinədir.

Qeyd edək ki, onun musiqi sahəsində uğur qazanmasında atasının xüsusi rolu olub. Ə.Marağayi “Məqasid-əl-Əlhan” əsərində bu haqda yazır: “Atam müxtəlif elm sahələrində, xüsusilə musiqi elmində bilici, bacarıqlı və qabil idi. O, mənim tərbiyəmə çox əmək sərf etmişdir. Musiqini mənə o öyrətdi. Onun bu işdə məqsədi o idi ki, mən Quranı avazla oxuya bilim”.

Quranı əzbərdən bilən və özünəməxsus bir ustalıqla oxuyan Əbdülqadir sonradan taleyini musiqiyə bağlayır. O, bir şeirində musiqi ilə əlaqədar çox qəribə bir hekayət yaradıb. Həmin əsərində yazır ki, bir gün bərk xəstələnir. Yanına çoxlu təbiblər gəlir. Ancaq onun xəstəliyinə əlac tapa bilmirlər. O, təbiblərin məyusluğunu duyur və deyir: “Bir halda ki, dərdimə əlac edə bilmirsiniz, onda qulaq asın”. Udu götürüb sinəsinə sıxır və deyir: “İndi ürəyimin pərdələri üzərində əməliyyat aparıb öz dərdimə əlac tapacağımı dinləyin”. Ud dilə gəlir və tel-tel ötür. Marağayi avazla oxuyur: “Ey təbiblər, Əbdülqadir bu uddan şəfa tapsa, təəccüblənməyin. Çünki o, özünün şəfasını musiqidə axtarır”.

Əbdülqadir öz ustadlarından çox şey öyrənir və dərin biliyi, əzmkarlığı ilə özü də ustada çevrilir. Bu haqda görkəmli bəstəkar Üzeyir Hacıbəyli yazır: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişaf tarixində iki Azərbaycan alimi, nəzəriyyəçi və musiqişünası – Səfiəddin Urməvi və Əbdülqadir Marağayi başlıca yer tutur”.

Tarixçi Xandəmir onu musiqi elminin Davudu və dövrünün heç kəslə müqayisə edilməyən musiqişünası adlandırıb. Cəlairi Sultan Əhməd isə yazıb: “Zəmanəsinin filosofu Əbdülqadirin vəsfini şərh etməkdə acizəm. Dövrünün filosofu və alimi olması onun tərifinin mində biridir”.

Əbdülqadir Marağayi musiqi mədəniyyəti xəzinəsinə gətirdiyi yeniliklərlə əbədi ömür qazanıb. Bu gün də musiqişünaslıq elmi onun nəzəriyyələrinə istinad edir.

Savalan Fərəcov