Şavkat Mirziyoyev: “Bizdə gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq...”

 

Xəbər verildiyi kimi, 22-23 avqust tarixlərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri gerçəkləşib. Səfərin ilk günü Bakıda olan dost ölkənin başçısı avqustun 23-də Füzuli rayonuna gedib.

Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Sonra prezidentlər və birinci xanımlar yenidən qurulan Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu məktəbi qardaş ölkənin başçısı Şavkat Mirziyoyev Füzuli şəhərinə hədiyyə edib. Müəllim və şagirdlər qonağı hərarətlə salamlayıblar.

Məktəbin direktoru Həcər Mahmudova qeyd edib ki,  1993-cü il avqustun 23-də Füzuli şəhəri işğal olunmuşdu. O, 26 yaşında şəhəri tərk etmişdi və otuz il sonra buraya qayıdıb. Bu anları bizə yaşatdığına görə Azərbaycan Prezidentinə, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq.

Prezident İlham Əliyev qeyd edib ki, məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib: “Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq”.

Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər və tədris ocağına xeyir-dua veriblər.

Dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

 

“Bundan sonra burada rahat yaşayacaqsınız”

 

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Qeyd edək ki, Füzuli şəhərinə sakinlərin qayıdışı avqustun 18-də başlayıb və mərhələlərlə davam edir.

Prezident İlham Əliyev sakinləri təbrik edib: “Öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz”.

Bu görüşə Özbəkistan rəhbəri ilə gəldiyini deyən İlham Əliyev qardaş ölkə tərəfindən Füzuli şəhərinə gözəl məktəb binası hədiyyə olunduğunu bildirib: “Sizin uşaqlarınız, nəvələriniz sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!”.

 

“Qarabağa səfərim ürəyimdəki böyük arzularımdan biri idi”

 

Özbəkistan rəhbəri ürək sözlərini sakinlərlə bölüşüb: “Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”.

Prezident Şavkat Mirziyoyev daha sonra deyib: “Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik.

Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram.

Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Sağ və salamat qalın”.

Sakinlər hər iki dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

***

Dövlət başçılarına və xanımlarına MİDA tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin dördotaqlı olması nəzərdə tutulur.

Hazırda kompleksin inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Altı binadan (144 mənzil) ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaq. Daha altı bina (123 mənzil) sentyabrda təhvil veriləcək. Ümumilikdə bu ilin sonunadək 579 mənzildən ibarət daha 26 binanın tikintisi başa çatdırılacaq.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərin istifadəsinə veriləcək. Bütün binalar mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və liftlə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları, istirahət guşələri, uşaq oyun və idman meydançaları da yaradılacaq.