Özbəkistanın dövlət başçısı və xanımı mədəniyyət paytaxtımızla tanış olub

 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.

Dövlət başçıları və xanımları əvvəlcə Saatlı məscidində olublar. Qonaqlara tarixi tikili barədə məlumat verilib.

Bildirilib ki, məscid 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin (1717-1797) dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu (1992-ci ilin mayından) müddətdə Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından burada  Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. 2023-cü ilin may ayında məscidin bərpadan sonra açılışı olub.

Sonra prezidentlər və xanımları Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Prezidentin köməkçisi Anar Ələkbərov sərgi barədə məlumat verib.

Qeyd edilib ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra bu il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidələri siyahısındadır. Sərgidə Ulu öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini, Qarabağa səfərlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Diqqətə çatdırılıb ki, 1979-cu il yanvarın 12-də Heydər Əliyevin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açılıb. Bu, Ulu öndərin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Heydər Əliyev Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

Qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün  işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə də baxıblar.

Bildirilib ki, ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qoyulub.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşanın Baş planı barədə məlumat verib.

Qeyd edilib ki, şəhərin planı hazırlanarkən Şuşanın tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri əksini tapıb. Hazırda plan əsasında bərpa və yenidənqurma işləri davam etdirilir.

“Natəvan bulağı” ilə tanışlıq zamanı qeyd olunub ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən bulaq şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı bulağı” adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.

Özbəkistan Prezidenti və xanımı Yuxarı Gövhər ağa məscidi ilə də tanış olublar. Məlumat verilib ki, Yuxarı Gövhər ağa məscidi ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri siyahısındadır. Şuşa şəhəri işğal altında olduğu müddətdə bu məscid ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanan bərpa işlərindən sonra bu ilin mayında məscidin açılışı olub.

Sonra Özbəkistan Prezidenti və xanımı Bülbülün Şuşadakı ev-muzeyinə gəliblər. Ali qonağa və xanımına məlumat verən Polad Bülbüloğlu bildirib ki, Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqustda Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün Ev-Muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Növbəti tanışlıq məkanı Mehmandarovların malikanə kompleksi olub. Məlumat verilib ki, bu kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

2021-ci ilin oktyabrından etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. Fotolar Şuşanın tanınmış zadəgan nəsillərinə – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, Avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib.

Sonra dövlət başçıları və xanımları Cıdır düzünə gəliblər. Ali qonağa və xanımına məlumat verilib ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

Şuşa ilə tanışlıq qonaqlarda dərin təəssürat doğurub.

Özbəkistanın dövlət başçısı və xanımı Şuşadan Füzuliyə qayıdıblar.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb. Qonaq Füzuli Beynəlxalq Hava Limanından vətəninə yola düşüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.