26 avqustda Azərbaycan Milli Xalça Muzeyinin yeni binasında fəaliyyətə başlamasının doqquz ili tamam olur. Dənizkənarı Milli Parkın ərazisində inşa olunan binanın açılışı 2014-cü ilin bu günündə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilib.

Avstriya memarı Frans Yantsın layihəsi üzrə ərsəyə gələn tikili – “bükülmüş xalça” binası orijinal memarlıq nümunəsi kimi  Bakının yeni rəmzləri sırasına daxil oldu.

1967-ci ildə təşkil edilən və tətbiqi sənətin unikal nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Bu nümunələrin daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2008-ci il mayın 15-də yeni binanın təməli qoyuldu.

Bu gün muzeyin sərgi və fondlarında 13 mindən çox eksponat saxlanılır. Onların saxlanılması və konservasiyası bu sahədə zəngin təcrübəyə malik Viktoriya və Albert Muzeyinin (London) parçaların konservasiyası üzrə mütəxəssisi Louise Squirerin də tövsiyələri ilə tərtib edilmiş təlimatlar əsasında təmin olunur...