Rus çarı I Pyotrun “Qafqazı xristianlaşdırmaq və yerli əhalini deportasiya etmək” vəsiyyətinə uyğun olaraq, XIX əsrin əvvəllərindən tarixi ərazilərimizə köçürülən ermənilər öncə Göyçə mahalında 6 kəndə yerləşdirilmişdir. Çar I Nikolayın 1849-cu ildə imzaladığı sərəncamla bu ərazi “Erməni əyaləti” statusunu almışdır.

Müsəlmanlığı qəbul edən əcdadlarımızın bu ərazilərdə yaratdığı və sonradan boş qalan xristian məbədləri, eləcə də qədim türk yazılı daşlarının qorunduğu vənglər – “Bəngü taş” yazılı daş məbədləri Rusiya və Roma tərəfindən “xristianlaşdırılmış” ermənilərə verilmişdir. Bununla da xalqımızın qədim tarix-mədəniyyət abidələri “erməni tarixi” kimi dünya ictimaiyyətinə təqdim edilmişdir.

Bütün bunlara baxmayaraq, gerçək tariximizlə bağlı məlumatlar antik mənbə və müəllif əsərlərində günümüzə qədər gəlib çatmışdır. Antik müəlliflər Herodot, K.Ptolomey, Strabon, Korneliy Tatsit, Tit Liviy, Ammian Marsellin, İbn Xordadbeh, İosif Flavi və başqalarının əsərlərində xalqımızın m.ö. VI minilliklərdə əlifbası olduğu göstərilmişdir. Asər/Azər tayfalarının Asmaq qolunun – Maq asların yunan çarlarına məsləhətlər verdiyi də mənbələrdə yer almışdır. Bu baxımdan Albaniya dövləti də ərazilərimizdə qurulmuş, Mitan, Manna, Midiya, Atropatena kimi dövlətlərdən biri olmuş, alban, qarqar, quqar, kaspi, xəzər, sak, kəngər, peçeneq, udin, sarmat, çol/çul, koman, bolqar, xurs kimi 37 prototürk tayfasının qurduğu dövlət olmuşdur.

Lakin xeyli sayda etnik qruplar mövcuddur ki, bu qruplar da hələ bu gün belə xalq kimi mövcud olmasalar da, özgə tarixinə sahib çıxmaqla özlərini “qədim tayfa və xalq” kimi dünya ictimaiyyətinə göstərməyə çalışırlar. Belə tayfalardan biri də ermənilərdir. Bu tayfalar tarix boyu bizim ərazilərimizə Suriya, İran, Livan və başqa ölkələrdən tarixi Azərbaycan ərazilərinə köçürülmüşlər. Bu köçürülmə prosesi, yəni bu regionun “erməniləşdirilməsi” prosesi 1978-ci ilədək davam etdirilmişdir.

Çar və sovetlər dönəmində rejim tərəfindən erməni əhalinin sayını süni surətdə artırmaq istiqamətində işlər görülmüşdür. Bu məqsədlə ailədə 1 uşaq olduğu halda 5-6 uşaq adları sənədləşdirməklə həm hökumətdən “uşaq pulu” almış, həm də erməni əhalisinin “sayını artırmışlar”. Onlar Azərbaycan tarixi və etnogenezinə sahib çıxmaq üçün başlanğıc olaraq alban tarixinə və bu ərazidə məskun olan qeyd etdiyimiz tayfaların mədəniyyətinə yiyələnməklə bu mədəniyyəti “erməniləşdirməyə”, öz tarixlərini “qədimləşdirib” “yerli əhali” statusunu almağa çalışmışlar. Bu qondarma prosesdə göstərilən tayfa adlarını özlərinə Kasparyan, Xazaryan, Saakyan, Komanyan kimi soyad götürən bu etnik qrup bununla bərabər, Asaturyan, Torkayan, Kutiyan, Şubaryan, Manqaçuryan, Kolayan familiyaları ilə Asər, Şu, Kuti, Türükkü tayfalarının Tork Tanrı adını, Maq kimi yüzə yaxın türk tayfa adını da özlərinə çıxmışlar.

Biz Z.İ.Yampolskinin Albaniya tarixi və albanların dili ilə bağlı tədqiqatlarında maraqlı elmi nəticələrlə qarşılaşırıq. M.Kalankaytuklunun “Alban tarixi”nin erməni dilində olmadığını qeyd edən müəllif ilkin variantda bu kitabın dilini qarqarey, ya da udin dili kimi səciyyələndirmişdir. Sonra isə bu kitab qrabar dilinə tərcümə olunmuşdur. V.V.Bartold isə qarqar və qıpçaqları türk olaraq göstərib, bu kitabın “erməni dilində” olmadığını yazmışdır. Hər iki müəllif qarqar, udin, qıpçaq dillərinin friq, erməni dili olmadığını göstərib, bu dildə olan “Alban tarixi” kitabının qrabar dilinə çevrilməsini siyasi oyun kimi qiymətləndirmişlər. Onlar 1700 illik tarixin (m.ö. IV yüzillikdən eramızın 1260-cı ilinə qədər) “erməniləşdirildiyini” yazırlar. Məhz bu yolla friq-ermənilər türk-alban tarixi, eləcə də prototürk müəllifləri Ananai Şirakasi, Kirakos Gəncəli, Asoqik, Mxitar Qoşun yazılarına da sahib çıxmaqdadırlar.

Bəs bu siyasi oyun necə baş vermiş və friqlər ərmən türk tarixi və alban tarixinə necə sahib olmuşlar? Bu tarixi prosesə qısaca nəzər salmaq istərdik.

M.Kalankatuklunun “Alban tarixi” əsəri eramızın XVIII əsrində Alban Xaçın knyazlığının süqutundan, Həsən Cəlalın İslamı qəbul etməyib tanrıçılıqda qalmasından sonra “erməniləşdirilmişdir”. Qeyd edək ki, xristianlıq tanrıçılıq üzərində qurulmuş və ilk xristian duası eramızın IV əsri, 312-ci ilində Avropa auditoriyası qarşısında “Xuday atında bütün adəm açıq bulsun”, yəni “Xudanın altında bütün adamlar açıq qəlblə dayansın-dursun” ifadəsi ilə türk dilində oxunmuşdur. Bundan istifadə edən, özünü “Alban katolikosu” kimi göstərən friq-erməni Nerses qrabar dilinə çevrilmiş “Alban tarixi”nin bir surətini 1453-cü ildə Konstantinopola (İstanbul) erməni patriarxına göndərir. Osmanlı imperiyası bu hiylənin qarşısını aldığından erməni katolikosu Simeonun tələbi ilə əlyazma 1766-cı ildə Eçmiədzin kitabxanasına qaytarılır. Sual oluna bilər, nəyə görə əlyazma Alban Xaçın knyazlığının süqutundan 400 il sonra gizlin çap üçün Konstantinopola göndərilir?

Qeyd edək ki, Albaniya ərazisindəki türk tayfaları tanrıçılıq dinində idi və onların məbədlərində xeyli xaç mövcud idi. Bu inancların işarələri m.ö. III minilliyə aid Gəmiqaya təsvirlərində də qalmaqdadır ki, o dövrdə nə xristianlıq, nə də friq-ermənilər tarixdə yox idi. Albanlar isə yüzlərlə tanrıçılıq məbədlərində bu inancla bağlı xaçları saxlayırdılar. Bu xaçlar tanrıçılıqda olan Altay, Sibir, Volqaboyu tatarlar və digərlərinin də məbədlərində qalmaqdadır. Biz ərazilərimizdəki mövcud bütün türk məbədlərinin altarlarında Günəş rəmzli xətlərlə qarşılaşırıq ki, bu m.ö. V minillikdə Kassi türklərinin inancındakı Suriyaş Günəş tanrısını təmsil edirdi. Strabonun, Diona Kassinin yazılarında da bu tanrı işarəsi Anu Ekbatanda da mövcud idi ki, o zaman ermənilər hələ Balkanda friq, briq idi və hayas, erməni deyildilər. Xüsusi qeyd edək ki, eramızın 48-ci ilində alban məbədləri xristianlara aid deyildi, 460-cı ildə hələ xristianlarda xaç işarəsi yox idi və onlar qıpçaq, hun, xaçmataqları xaçgəzdirən “vəhşi” hesab edirdilər. Lakin friq-ermənilər özlərinə qədim tarix yaratmaq üçün bu məbədlərə və oradakı yazılı daşlara sahib çıxmağa çalışırdılar.

Erməni müəllifləri V.S.Nalbandyan və S.T.Melik Baxşiyan da etiraf edərək yazırdılar: “Friq ermənilərə görüntü üçün rus, Roma siyasi məqsədlə xristianlığı qəbul etdirdilər”. Bundan sonra 1839-cu ildə “Alban tarixi”ni yenidən “erməni tarixi” kimi üzə çıxarıb “ilk erməni yazısı”, “qədim Eçmiədzin əlyazması” olaraq təqdim etməyə başladılar. Lakin M.Xorenli də açıq yazırdı ki, “əlyazma erməni dilində deyil, vəhşi qarqar dilindədir”.

Bu siyasi oyunun gedişində 1841-ci ildə “Alban tarixi”nin “erməniləşdirilmiş” II variantı E.Börye tərəfindən “Peterburq variantı” kimi götürülməklə “Erməni tarixi” adı ilə nəşr edilir. Bu oyunu təkrarlayan fransız M.Brosse də 1851-ci ildə “Peterburq variantı”nı götürüb onu “erməni tarixi” adı ilə Fransada nəşr etdirir. Bu tarixi proseslərdən sonra ermənilər 1700 illik türk tarixini “erməniləşdirib” özlərinə “tarix” yaradırlar. Bunun davamı olaraq onlar bizim qədim tanrı məbədlərinə də sahib çıxmaqla buradakı yazılı daşları – “Bəngü taş”ları da “erməni yazısı” kimi özlərinə aid edirlər.

Onu da qeyd edək ki, təkcə Azərbaycanın Naxçıvan bölgəsində tanrı məbədlərindən 1963-1975-ci illər arası yüzlərlə yazılı daş Ermənistana daşınmış, bu qədim türk yazıları təhrif edilmişdir.

Ancaq tarix, zaman hər şeyi öz yerinə qoyur. Bütün bu erməni saxtakarlıqları gec-tez ifşa olunacaq. Artıq bu proses başlanıb...

Firudin Rzayev
AMEA Naxçıvan Bölməsi Onomastika şöbəsinin müdiri dosent