Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799-1837) haqqında filmin çəkilişlərinə başlanılıb.
Rejissor Feliks Umarovun lentə aldığı “Aleksandr Puşkinin hekayəsi” adlı tarixi ekran əsərində şairin ömür yolundan bəhs olunacaq. Rus poeziyasının zirvələrindən olan A.Puşkinin tələbə vaxtlarından ölümcül duelə qədər olan həyatı haqqında genişmiqyaslı hekayə təqdim ediləcək.
“Biz ideyamızı orijinal musiqi və rəqs nömrələri ilə nadir janrda həyata keçirmək qərarına gəldik. Heyrətamiz və unudulmaz film yaratmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə filmin rejissoru F.Umarov vurğulayıb.
Qeyd edək ki, çəkilişlər Sankt-Peterburq və şəhərətrafı ərazilərdə, o cümlədən ədibin ev-muzeyində aparılacaq. Bundan başqa, çəkiliş qrupu Mixaylovskoye muzey-qoruğunda da çalışacaq. “Aleksandr Puşkinin hekayəsi” filmi 2025-ci ilin əvvəllərində ekranlara çıxacaq.