AMEA-nın prezidenti arxeoloji ekspedisiyanın işi ilə tanış olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasında arxeologiya sahəsində aparılan tədqiqatlarla tanış olub.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, akademiya rəhbəri bu məqsədlə Bolqarıstanın Privadiye bölgəsindəki Duzdağ kurqanında qazıntılar aparan ekspedisiyanın rəhbəri akademik Vasil Nikolov və arxeoloqlarla görüşüb.

Akademik Vasil Nikolov bizim eradan əvvəl VI minilliyə aid olan Bolqarıstan Duzdağı və bolqar alimlərinin buradakı fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edilib ki, Duzdağ adlandırılan sahənin 30 kilometrdən artıq olan dərinliklərindəki duz süxurları ilin müəyyən fəsillərində buraya daxil olan qrunt suları sayəsində əriyərək məhlul halına düşür və quyular vasitəsilə yuxarı səthə qalxır, sonra isə həmin məhluldan duz istehsal olunur.

Həmçinin akademik Vasil Nikolovun axtarışları sayəsində məlum olub ki, Privadiye Duzdağının ətəklərində qədim insanlar məskunlaşmış və onlar burada duz istehsalı və ticarəti ilə məşğul olmuşlar. Hazırda bolqar arxeoloqları həmin Duzdağın ətrafında gil yaşayış məskənini bərpa etməklə məşğuldurlar.

Bundan başqa, bolqar arxeoloqları müəyyən ediblər ki, ən qədim dövrlərdə Privadiye bölgəsinə rəhbərlik etmiş kral buradakı Duzdağın üzərində dəfn olunmuş, sonra həmin məzar kurqana çevrilmişdir.

Privadiye Duzdağında arxeoloqların nahar süfrəsi ətrafında Azərbaycan və bolqar arxeoloqlarının əməkdaşlığı məsələləri müzakirə olunub. Akademik İsa Həbibbəyli Azərbaycanın Naxçıvan bölgəsindəki Duzdağ mədənləri haqqında Bolqarıstan arxeoloqlarına məlumat verib. Bildirilib ki, buradan tapılmış daş baltalar və çapacaqlar, obsidian məlumatları və gil keramikası əsasında Azərbaycan – Fransa birgə arxeoloji ekspedisiyası Naxçıvan Duzdağının Neolit dövrünə aid olduğunu müəyyən edib.

Müzakirə zamanı Azərbaycan–Bolqarıstan arxeoloqlarının qarşılıqlı əməkdaşlığının yaradılması, birgə tədqiqatların təşkili və sair məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan başqa, AMEA-nın prezidenti Bolqarıstan Elmlər Akademiyasının Varna bölgəsindəki Yaradıcılıq Evi ilə tanış olub. Yaradıcılıq Evlərinin direktoru Nelli Barotayeva bildirib ki, ölkəsinin 5 müxtəlif bölgəsində akademiyanın yaradıcılıq evləri fəaliyyət göstərir. Mülkiyyəti Bolqarıstan Elmlər Akademiyasına məxsus olan yaradıcılıq evlərində akademiyanın həqiqi və müxbir üzvlərinə, habelə əməkdaşlarına güzəştli şərtlərlə xidmət göstərilir.

Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyası Varna Yaradıcılıq Evində təşkil olunmuş riyaziyyat üzrə yay məktəbinin işi ilə də tanış olub. Məlum olub ki, dünyanın 15 ölkəsindən gəlmiş yay məktəbində təhsil alan orta məktəb şagirdləri arasında 7 nəfər azərbaycanlı müdavim də vardır.