Almaniya əcnəbilərə vətəndaşlıq verməyi asanlaşdırır

 

Almaniya Federativ Respublikasının hökumət koalisiyası (Sosial Demokrat Partiyası, “Yaşıllar” və Azad Demokrat Partiyası) vətəndaşlıq qanununda dəyişikliklər üzərində razılığa gəlib. Dəyişikliklər Almaniya vətəndaşlığına keçidi asanlaşdırmaq və ölkəyə ixtisaslı işçi qüvvəsi cəlb etmək məqsədi daşıyır.

Hökumət həmçinin ifrat sağ populist “Almaniya üçün Alternativ” Partiyasına siyasi dəstəyin artdığı bir vaxtda bu islahatla mühacirlərin ölkənin siyasi həyatında iştirakını gücləndirmək istəyir.

“Vətəndaşlıq hüququnun müasirləşdirilməsi” adlı qanun layihəsində vətəndaşlıqla bağlı müraciət etmək üçün Almaniyada 8 il qanuni yaşamaq tələbi 5 ilə endirilib. “Ölkəyə kifayət qədər yaxşı uyğunlaşan” insanlara isə 3 ildən sonra müraciət etmək imkanı veriləcək. Burada nəzərə alınmalı meyarlar da var: yüksək ixtisas sahibi olmaq, iş həyatında fərqlənmək, alman dilini çox yaxşı bilmək, özünü və ailəsini dolandıra bilmək.

Bundan əlavə, qanuna edilən dəyişiklik Almaniyada əcnəbi valideynlərdən doğulan uşaqların Almaniya vətəndaşlığı almasına icazə verir. Yeganə şərt valideynlərdən birinin 5 ildən artıq Almaniyada daimi yaşaması və rəsmi yaşayış yerinin olmasıdır.

Təxminən 84 milyon əhalisi olan Almaniyada yaşayan 12 milyondan çox immiqrantın Almaniya vətəndaşlığı yoxdur. Baxmayaraq ki, onların yarısı Almaniyada 10 ildən çoxdur yaşayır. Lakin indiyədək sərt qaydalar və ikili vətəndaşlığın tanınmaması səbəbindən onlar Almaniya vətəndaşlığı üçün müraciət edə bilməyiblər. Yeni qanunvericilik xüsusilə yüksəkixtisaslı əcnəbilər üçün ikili vətəndaşlıq qadağasını da aradan qaldırır, yəni onlar həm öz ölkələrinin (əgər ölkənin  qanunvericiliyi buna icazə verirsə), həm də Almaniyanın vətəndaşı ola biləcəklər.