Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb.

Tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin müəllifi olduğu nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

Nəşrdə Milli Qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları və qəhrəmanlıq yolu, eləcə də Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında ətraflı məlumat verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitaba ön söz yazıb. Ön sözdə qeyd olunur ki, 1988-ci ildə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları zəminində başlayan Birinci Qarabağ müharibəsində Azərbaycanın minlərlə qeyrətli oğlu qəhrəmanlıqla vuruşaraq canlarını fəda ediblər. Belə qəhrəmanlardan biri də əslən Ahıska türkü olan, Özbəkistanın Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovdur. Vurğulanır ki, İ.Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni illər sonra yeni vətənpərvər Azərbaycan gəncləri nəsli davam etdirib, 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal altındakı Vətən torpaqları azad edilib.

Qeyd edək ki, baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov (1956-1993) Prezident Heydər Əliyevin fərmanı ilə ölümündən sonra, 1995-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.