Böyük Britaniya, Albaniya və Gürcüstanın media nümayəndələri avqustun 29-da Azərbaycan Mətbuat Şurasında olublar. Onlar MŞ idarə heyətinin üzvü Elşad Eyvazlının rəhbərlik etdiyi Parlament Jurnalistləri İctimai Birliyinin dəvəti ilə ölkəmizə gəlib.

Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” kimi nəşrləri əməkdaşlıq edən Alpaslan Duvenin, Albaniyanın "İnfowebmedia" rəqəmsal platformasının nümayəndəsi Anisa Bahitinin və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının təmsilçisi Avtandil Otinaşvilinin ölkəmizə dəvət edilməsinin məqsədi Qərbi Azərbaycan reallıqlarının beynəlxalq mediada işıqlandırılmasına dəstək göstərilməsidir.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmovun da iştirak etdiyi görüşdə qonaqlara qurumun tarixi, Azərbaycanda medianın özünütənzimləməsi sahəsində gördüyü işlər barədə də məlumat verilib. MŞ idarə heyətinin üzvü Yeganə Hacıyeva qurumun xarici media orqanları ilə təmaslarından söz açıb.

Qonaqlar çıxışlarında Azərbaycana səfərlərinin, keçirdikləri görüşlərin onlarda zəngin təəssürat yaratdığını bildiriblər.