Səfalı Lənkəranı gəzib, gözəl təbiətindən zövq aldıqdan sonra baş çəkdiyim iki məkanın təəssüratı hələ də məni tərk etmir. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və Həzi Aslanovun Ev-Muzeyi.

İlk ünvan tarix-diyarşünaslıq muzeyi oldu. Şəhərin mərkəzindəki tikili memarlıq quruluşu ilə ilk andan diqqəti cəlb edir. Günortanın istisinə rəğmən ziyarətçi sıxlığı yaşanan muzeyə daxil olanda elmi işçi Səadət Abdullayeva ilə qarşılaşdıq. “Maşallah, qonaqlarınız çoxdur” deyəndə bu mənzərənin onlar üçün xoş olduğunu, xüsusən də yay aylarında muzeyə çoxlu turist gəldiyini söylədi.

Biz də 12 otaqdan ibarət muzeyi gəzməyə başlayırıq. Bələdçimiz eksponatlar haqqında danışmazdan əvvəl “Xan evi” kimi tanınan tikilinin tarixindən söz salır.

Bu sarayı Lənkəran xanı Mirmustafa xanın varislərindən Mirəhməd xan öz sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa etdirib. 1912-ci ildə Tiflis şəhərində, kübar cəmiyyətə məxsus toplum içərisində Qafqaz gözəli müsabiqəsi keçirilir, Mirəhməd xanın həyat yoldaşı gözəl Tuğra xanım birinci yeri qazanır. Elə müsabiqədəki qalibiyyətindən sonra həyat yoldaşı ona Lənkəranın ən gözəl yerində bu möhtəşəm sarayı inşa etdirir.

Müasir və zərif tikili sahibəsini xoşbəxt etsə də, Tuğra xanım burada cəmisi üç il yaşayır. Həyat yoldaşının ağır xəstəlikdən sonra dünyasını dəyişməsi, sovet hakimiyyətinin qurulması və onun zadəganlara divanı bu zərif qadını da təqib edir və 1921-ci ildə Bakıdakı birotaqlı evinə sığınır, ömrünü tənhalıq və ehtiyac içində başa vurur.

Bu barədə muzey bələdçisi maraqlı detallara diqqət çəkir: “Mirəhməd xan 1916-cı ildə Fransada xəstəlikdən vəfat etsə də, Tuğra xanım 60-cı illərə qədər yaşayıb. Hər ikisinin məzarı hazırda Lənkəran qəbiristanlığındadır. Muzeyimizdə onlara aid guşə və eksponatlar o qədər də çox deyil. Amma buna rəğmən ziyarətçilər məhz bu evin sahiblərinə aid tarixçə ilə daha çox maraqlanırlar. Bu ailənin təəssüf ki, övladları olmayıb. Tuğra xanım özünü daha çox tənha hiss etməsin deyə bu ev daim qonaq-qaralı olub. Onlardan qalan eksponatlar arasında məişət əşyaları, ikinci mərtəbəyə qalxan pilləkənin üzərindəki tavanda çilçıraq və daş güzgülərdir”.

Evin, demək olar ki, hər mərtəbədəki dəhlizində rast gəldiyim güzgü, zərif və dəbdəbəli məişət əşyaları ev sahiblərinin incə zövqündən xəbər verir. Bu mənada muzeyin ən maraqlı guşələrindən biri elə xanlıq dövrü ilə bağlı bölmədir. Burada Mirəhməd xan və həyat yoldaşı Tuğra xanıma, eləcə də xanlığın digər nümayəndələrinə aid əşyalar mühafizə olunur. Tuğra xanımın gəlin gələrkən özü ilə cehiz gətirdiyi altı daş güzgüdən üçü də muzeyin bu bölməsindədir.

Bir zamanlar bu malikanəyə sahib cütlüyün indi adama hüzn verən rəsmlərinin asıldığı divarın o üzündən qədim Lənkəran, eləcə də ətraf rayonlardan qazıntılar zamanı tapılan qədim əşyalar, bölgənin xarakterini və məişətini əks etdirən eksponatlar sanki dilə gəlir.

Məlumat üçün deyim ki, sovetlər dönəmində bir neçə müəssisənin inzibati binası kimi istifadə olunan üçmərtəbəli tikili 1978-ci ildən bütünlüklə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

10 minə yaxın əsas fonda malik muzeyin ekspozisiyası altı bölmədən ibarətdir: Təbiət; Qədim dövr; Orta əsrlər tarixi; Yeni dövr; Ən yeni dövr (1917-1945-ci illər); Müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Eksponatlar xronoloji qaydada yığılıb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatika nümunələri, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar var.

Maraqlı maketlər və rəsmlərlə zəngin Qədim dövr şöbəsini gəzərkən bələdçimiz şəhərin ən qədim zamanlarda yaşayış məskəni kimi fəaliyyəti, əhalisinin məşğuliyyəti, təbiəti haqqında müxtəlif məlumatlar verir. Əhali qədim zamanlarda dağlarda və dağətəyi ərazilərdə yaşayırmış. Sonralar yerlərini dəyişib dağlardan arana doğru enməyə başlayıblar. Lənkəran Xəzər dənizinin sahilində yerləşdiyindən əhali əsasən balıqçılıqla dolanıb. Dulusçuluq, toxuculuq da əhalinin daha çox məşğul olduğu peşələrdən olub. Eksponatlar arasında bu iki sənət növünə aid nümunələr üstünlük təşkil edir.

Muzeydə yer alan eksponatların mühüm qismi Tunc dövrü və Orta əsrləri əhatə edir. Qədim dövrə aid ovçuluq, məişət alətləri, silahlar, qadınların zinət əşyaları, XVI-XVIII əsrlərdə sənətkarlar tərəfindən hazırlanmış dulusçuluq məmulatları və sair eksponatlar bölgənin etnoqrafik zənginliyindən xəbər verir.

Muzeyin ən qədim eksponatları Neolit dövründən qalma sümükdən bıçaqlar, daş çapacaqlar, eləcə də zinət əşyalarıdır.

Muzeyin başqa bir şöbəsində 1747-1768-ci illərdə Lənkəranın mühafizəsi üçün tikilmiş mühafizə qalalarının maketləri, həmin dövrlərə aid döyüşçülərin döyüş paltarları və silah-sursatları qorunub saxlanılır. Bu nümunələr arasında dağlardan şəhər mərkəzinə çəkilən su xətti üçün istifadə olunan gildən hazırlanmış boruların qalıqları, eləcə də qazıntılar zamanı tapılan kitabələr şəhərin daş yaddaşı haqqında geniş təsəvvür yaradır.

Muzeyin başqa bir bölməsində Lənkəran şəhərinin İkinci Dünya müharibəsi iştirakçılarının, repressiya qurbanlarının, əmək qəhrəmanlarının, qabaqcıl elm və mədəniyyət, təhsil işçilərinin şəkilləri, orden və medalları saxlanılır. Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanları, eləcə də 1990-cı illərin Qara Yanvarı zamanı Lənkəranda da sovet ordusunun qətlə yetirdiyi azadlıq mücahidlərinin fotoları və onlara aid sənədlər ayrıca guşələrdə sərgilənir.

Muzeydə olduğum qısa müddətdə onun zəngin ekspozisiyası ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, həm də bir yəqinimi qətiləşdirdim: lənkəranlılar öz tarixlərinə, yaşadıqları ərazinin keçmişinə və mədəni zənginliyinə heyran, eləcə də bu barədə yetəri qədər məlumatlıdır. Bunu ziyarətçilər arasındakı yerli sakinlərin bələdçilərin verdiyi məlumatlara öz əlavələrini etməsi, məlumat lövhələrindəki bilgilərə dair öz aralarında müzakirə və mübahisə açması da göstərirdi...

***

Bu səmimi və bir az da təbəssüm yaradan müzakirə-mübahisəli tərəfləri baş-başa qoyub yol aldım bu muzeydən elə də uzaq olmayan digər məkana.

Şəhərə bələd olmasam da, Həzi Aslanovun (1910-1945) doğulub boya-başa çatdığı evi tapmaq elə də çətin olmadı. Yolumun üstündəki açıq gördüyüm ilk darvazadan başımı içəri salıb “Ay ev yiyəsi” deyə səsləndim. Özünəməxsus şirin ləhcəsiylə məni köhnənin tanışı kimi xoş dindirib, evə dəvət edən yaşlı kişidən muzeyin ünvanını xəbər aldım. Darvazadan çölə çıxaraq mənə məkanı elə gözəl və ətraflı təsvir etdi ki, üç küçə və tini az qala gözüyumulu gedərək ünvana çatdım.

İsti nəfəsimi kəsdiyindən özümü generalın uzun illər öncə – hələ 8 yaşında əkdiyi və indi də səxavətlə bar verən innab ağacının kölgəsinə verdim. Qəribə bir məhəbbətlə Həzi Aslanovun büstünə söykənən, bir növ ona sarılan ağacın kölgəsində dərindən nəfəs almaq istəyirdim ki, içəridən gələn mehriban səs – “İçəri keçin, bura daha sərindir” məni evə çəkdi.

Elə də hündür olmayan evin taxta eyvanına ayaq basar-basmaz “Xahiş edirəm, ayaqqabılarınızı soyunun. Evin sahibəsi Nuşu (Nuşafərin) xanımdan qalan bu ənənəni pozmuruq. O, evdə ayaqqabı ilə gəzməyi sevməyib” sözlərini eşidəndə cəld deyilənə əməl etdim.

Bələdçim muzeyin elmi işçisi Vəfa Babayeva oldu. O, iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun  ömür yolu və muzey barədə ətraflı məlumat verdi.

Muzey 1969-cu ilin 9 mayında açılıb. Həzi Aslanovun həyat yoldaşı Xavər Aslanova muzeyin ilk direktoru olub və ömrünün sonunadək bu missiyanı layiqincə davam etdirib.

Beş zaldan ibarət muzeydəki zalların hər birində maraqlı eksponatlar qorunub saxlanılır. Əşyaların bir qismi Həzi Aslanovun anası Nuşafərin xanıma aiddir və ailəsi tərəfindən muzeyə verilib. İki oğlunu müharibədə itirən ana 1959-cu ildə dünyasını dəyişib.

Muzeydə Həzi Aslanovun qısa və şərəfli ömrünə dair hər detala rast gəlmək olar. Məsələn, atasını uşaq ikən itirən balaca Həzi bütün yükü çiyinlərinə alaraq atasının çalışdığı kərpic zavodunda işləməyə başlayır. O zavoddan fotolar, ümumən Lənkəranın dünənini əhatə edən təsvirlər bu mənada üstünlük təşkil edir.

14 yaşında komsomol sıralarına qoşulan Həzinin həyatı bundan sonra dəyişir və ömrünü çox sevdiyi hərb sənətinə həsr edir. Təbii ki, bu işdə ona ən yaxşı dəstəkçi anası olur.

32 yaşında Sovet İttifaqı Qəhrəmanı adını alan generalın şəxsi əşyaları arasında hərbi çantası, kapitan vəsiqəsi, saatı  – yəni hərbçi kimi ilk əşyaları onun çox sevdiyi bu sahəyə diqqət və bağlılığının nümayişi kimi maraqlıdır.

Nümunələr arasında generalın qardaşı Hacıbaba Aslanovla fotosu diqqət cəlb edir. Həmçinin müxtəlif döyüşlər və təlimlərdən fotolar, xəritə-sxemlər, generalın təlimat üçün istifadə etdiyi telefon və geyim nümunələri, müxtəlif qol saatları da buradadır.

Məişətini, ailəsini, xüsusən də yerdə süfrə ətrafında toplaşaraq oturmağı çox sevən generalın şəxsi əşyaları arasında süfrələr xüsusilə marağımı cəlb etdi. Onlardan biri general xəstəxanada yatan zaman ona hədiyyə olunub.

Bələdçimizin dediyinə görə, muzeyə keçmiş sovet respublikalarından gələn ziyarətçilər də çox olur. Bu da qəhrəman həmvətənimizə olan böyük rəğbət və məhəbbətin nümayişidir.

Generalın ölümündən 4 gün əvvəl çəkilən fotosu da ekspozisiyadadır. Onun yaralandığı zaman əynindəki geyimlər də xüsusi mühafizə şüşəsinin altında nümayiş olunur. Qəhrəmanın müharibə zamanı ailəsinə yazdığı məktublar da fondda saxlanılır.

Xatirə zalında qəhrəmana aid əşyalarla yanaşı, onun ömrünə nəzər olan kitab və qəzet materialları, eləcə də döyüşdüyü şəhərlərdən gətirilmiş torpaqlar da sərgilənir. Onun məzarı önündən götürülən sovet bayrağının parça-qırıntıları da burada qorunur.

Generalın ilk yardım üçün öz formasından kəsilərək yarasına bağlanan parça və hələ də parlaqlığını saxlayan çəkmələri də sərgilənən nümunələr arasındadır. Bir də onun böyüdülmüş fotosu.

Elə də cüssəli olmayan, lakin çox çevik və qorxmaz qəhrəman Azərbaycan oğlunun bu qürurlu təsvirinin önündən keçərək yenidən eyvana çıxdım. İçəridə olduğum müddətdə zamanın necə keçdiyini bilməsəm də, xəfif meh generalın ev-muzeyi önündəki büstü üzərindəki əzəmətli üçrəngli bayrağımızı dalğalandırdıqca artıq sərinin düşdüyünü anladım.

Dünyanı faşizm kabusundan qurtarmaq üçün canlarını fəda edən qəhrəman Azərbaycan oğullarını bir daha ehtiramla yad edərək  muzeydən üzü mərkəzə yol aldım...

Həmidə Nizamiqızı