Azərbaycanda əsrlərdir mövcud olan multikulturalizm və tolerantlıq mühitini əks etdirən qısametrajlı film çəkilir.
Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanır.
Filmin çəkilişləri ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmalarının üzvləri Qubaya səfər ediblər.
Komitənin sədr müavini Səyavuş Heydərov məlumat verib ki, “Müasir çağırışlar: dinlərarası birgəyaşayış” mövzusunda lentə alınacaq film Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədi daşıyır. Filmin ingilis dilində dublyaj olunaraq xarici ölkələrdə təqdim edilməsi nəzərdə tutulur.
Çəkilişlər Qubadakı Cümə məscidində və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunda, Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” kilsəsində və başqa məkanlarda aparılacaq. 15-18 dəqiqəlik film sentyabr ayı ərzində təqdim ediləcək.